22 iyun 2018-ci il tarixində Rayon İcra Hakimiyyətində 23 İyun - Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib.

Unikal.org  xəbər verir ki, tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edib və diqqətə çatdırıb ki, respublikamızda aparılan dövlət qulluğu siyasətinin əsasını ölkəmizdə məsuliyyətli və demokratik idarəçiliyin yaradılması, dövlət orqanlarının fəaliyyətində çevikliyin və şəffaflığın gücləndirilməsi, vətəndaşların qayğı və ehtiyaclarının daha dolğun təmin edilməsi, habelə dövlət orqanlarının üzərinə düşən funksiyaların səmərəli şəkildə yerinə yetirilməsinə xidmət edən təcrübəli və peşəkar dövlət qulluqçularının hazırlanması təşkil edir.

A.Qasımov dövlət idarəçiliyi sistemində islahatların möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini, dövlət qulluğunda çalışanların bundan sonra da öhdələrinə düşən vəzifələri səylə, ləyaqətlə yerinə yetirəcəklərini əminliklə vurğulayıb.

Sonra çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilovadövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edib, onlara işlərində uğurlar arzulayıb. 2002-ci ildə BMT Baş Assambleyası tərəfindən iyunun 23-nün Birləşmiş Millətlər Təşkilatının Dövlət Qulluğu Günü elan edildiyini və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə bu tarixin ölkəmizdə dövlət qulluqçularının peşə bayramı kimi təsis edildiyini diqqətə çatdırıb.Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşdırılması və inkişafında, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olduğunu qeyd edən G.İsrafilova, 1995-ci ildə qəbul olunan Konstitusiyanın ölkəmizdə dövlət quruluşu və idarəçilik prinsiplərini təsbit etdiyini,  dövlət qulluğu sahəsində aparılan islahatların ən mühüm nəticələrindən birinin isə 2000-ci il iyulun 21-də qəbul edilən "Dövlət qulluğu haqqında Qanunun olduğunu vurğulayıb. Bu Qanunun tətbiqi ilə Azərbaycanda dövlət idarəetmə sistemində yeni dövrün əsası qoyulduğunu və dövlət idarəçiliyini həyata keçirən qulluqçuların statusu, onların hüquq və vəzifələrinin müəyyənləşdirildiyini nəzərə çatdırıb.

Tədbirdə çıxış edən Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Nizami Rayon Komitəsinin sədri Hacımurad Hənifəyev, Rayon İcra Hakimiyyəti başçısının Keşlə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Qara Qarakişiyev, Rayon İcra Hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi Nəsibə Mahmudova dövlət qulluqçularının peşə bayramının qeyd olunmasının onların cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi həyatındakı müstəsna roluna verilən ən yüksək qiymət olmaqla, məmurları dövlət quruculuğu prosesində daim fəal, əzmkar olmağa sövq etdiyini vurğulayblar. Natiqlər dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edərək, onlara çətin və məsuliyyətli, eyni zamanda şərəfli işlərində uğurlar arzulayıblar.

Tədbirin sonunda dövlət qulluğunda səmərəli fəaliyyətinə, rayonun ictimai-siyasi həyatında fəal mövqeyinə görə bir qrup dövlət qulluqçusu mükafatlandırılıb.