Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Dövlət Komitəsinin sədr müavinləri, şöbə və departament rəhbərləri, ərazisi işğal olunmuş rayonların icra hakimiyyəti başçılarının müavinlərinin iştirakı ilə məcburi köçkünləri qəbul edib.

Dövlət Komitəsindən Unikal.org-a verilən məlumata görə, görüş zamanı bölgələrdən qəbula gələn məcburi köçkünlərlə ümumilikdə görülən işlər, mövcud problemlərlə əlaqədar söhbətlər aparılıb.

Onlar ayrı-ayrılıqda dinlənilərək problemləri ilə tanış olunub, müraciətlər və narahatlıq doğuran məsələlərlə bağlı məcburi köçkünlərə hərtərəfli izahat verilib.

Məcburi köçkünlərin müraciətləri, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər və digər sosial problemlərlə bağlı olub.

Müraciətlər qeydə alınıb və müvafiq tədbir görülməsi üçün tapşırıq verilib.