Sərnişindaşıma sahəsində vəziyyətin normallaşdırılması, müntəzəm marşrut xətləri üzrə avtobusların fasiləsiz fəaliyyətinin təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Unikal.org Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, saat 22:00-yə olan məlumata görə, "20 Yanvar metro stansiyasının çıxışları ətrafında sərnişinlərin marşrut xətləri üzrə maneəsiz daşınması təmin edilib.

Koroğlu Nəqliyyat Mübadilə Mərkəzindən ətraf ərazilərə avtobusların rahat və maneəsiz hərəkəti təmin edilib: "Koroğlu Nəqliyyat Mübadilə Mərkəzindən şəhər mərkəzinə gedən əhalinin də vaxtında və rahat daşınması üçün zəruri tədbirlər görülüb. Artıq hər hansı bir narahatlıq müşahidə olunmur".

Metronun "Nizami, "Elmlər Akademiyası, "İnşaatçılar və yaxın ərazilərdə də əhalinin daşınması hazırda çətinlik olmadan həyata keçirilir.

Metronun "Nəsimi, "Azadlıq Prospekti və "Dərnəgül stansiyalarının ətrafında da sərnişin axının tam şəkildə idarə olunur.

"Ulduz, "N.Nərimanov və "Gənclik metrostansiyaları ətrafında da sərnişindaşımada çətinlik müşahidə olunmur.

"28 May metrosu stansiyasından Əhmədli, Günəşli qəsəbələri və Koroğlu istiqamətlərində yaranan sərnişin sıxlığı da nəqliyyat vasitələrinin sayının artırılması ilə aradan qaldırılıb.

"Bakı Nəqliyyat Agentliyinin göstərişinə əsasən bütün marşrutlar üzrə xətlərə maksimum dərəcədə nəqliyyat vasitəsi cəlb edilib. Bir daha bəyan edirik ki, müntəzəm marşrut xətləri üzrə avtobusların fəaliyyəti gecə saatlarınadək davam edəcək. Yol hərəkətinin təşkili üzrə görülən tədbirlər nəticəsində Zığ Dairəsi-Hava limanı avtomagistralında elektron məlumat lövhələrinin fəaliyyəti bərpa edilib", - deyə məlumatda vurğulanıb.