"Baş verən qəzadan sonra biz daim bütün regionlarla əlaqə saxlayırdıq.

 Unikal.org  xəbər verir ki, bunu bu gün prezident İlham Əliyevin yanında ölkənin enerji sistemindəki vəziyyətlə əlaqədar müşavirədə səhiyyə naziri Oqtay Şirəliyev deyib. Onun sözlərinə görə, bütün rayonlarda yeni xəstəxanalar tikilib və bütün müasir tibbi avadanlıqla təchiz olunub.

"Hər yerdə generator sistemləri quraşdırılıb. Hər yerdə generatorlar işləyirdi, tibbi xidmət göstərilirdi. Bakı şəhərində də nazirliyin əməkdaşları təhkim olunmuşdu. Bakı şəhərində də ilk növbədə, cərrahiyyə, əməliyyat blokları, reanimasiya tam tərkibdə işləyirdi. Bu iki gün ərzində məsələ ilə bağlı bir ölüm hadisəsi də olmayıb. Təcili yardım tam gücü ilə işləyirdi. 2130 çağırış olub. Bunlardan 220 adam xəstəxanalara daxil olub, onlara tam həcmdə yardım göstərilib. Metronun hər stansiyasının qarşısında təcili yardım maşını təhkim olunmuşdu. Onların arasında cəmi 19 nəfər müraciət edib, o da gərginlikdən, əsəbdən. Onlara ilkin tibbi yardım göstərilib. Cəmi 6 nəfər xəstəxanalara yerləşdirilib, - deyə O.Şirəliyev vurğulayıb.