Bu gün Azərbaycan prezidenti İlham Əliyevin yanında ölkənin enerji sistemindəki vəziyyətlə əlaqədar keçirilən müşavirədə "Azərsu Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov, "Azərişıq Açıq Səhmdar Cəmiyyətinin sədri Balababa Rzayev, "Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov və Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli məruzə ilə çıxış ediblər. 

Unikal.org  xəbər verir ki, "Azərsu Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov məruzəsində bildirib ki, hadisə baş verən kimi mövcud su və kanalizasiya nasosxanalarını, su mənbələrini su basmasının qarşısının alınması üçün vacib tədbirlər görüblər və bu qurğuların heç birində heç bir problem olmayıb. 

Q. Hüseynov deyib ki, enerji kəsiləndən sonra su anbarlarındakı ehtiyatlar, kanalizasiya-nasos stansiyalarına aparan xətlərdəki mövcud vəziyyəti qiymətləndiriblər: "Həmin ərazilərə əvvəlcə ehtiyat suların qənaətlə verilməsi rejimini müəyyənləşdirdik. Harada nasos stansiyasına ehtiyac yoxdur, öz axınında, rejimində su verilir. Digər yerlərə suyun verilməsi üçün biz su maşınlarını işə cəlb etdik. Fövqəladə Hallar Nazirliyindən, Bakı Şəhər İcra Hakimiyyətindən, rayon icra hakimiyyətlərindən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən, öz maşınlarımızı, eyni zamanda, fərdi sahibkarlıqla məşğul olan su maşınlarını bu işlərə cəlb etdik. Rayon icra hakimiyyətləri ilə birgə biz öz axını ilə su verə bilmədiyimiz yerlərdə də əhalinin su təminatı ilə məşğul olduq. Hazırda artıq suyun mənbələrdən verilişi tam bərpa edilib. Şəhərin 92-93 faizinə su veririk. Anbarlarda ehtiyatımız 45-50 faizdir. Sabah səhər saatlarında tam rejimə çıxacağıq.

 

"Azərişıq Açıq Səhmdar Cəmiyyətinin sədri Balababa Rzayev nəzərə çatdırıb ki, hazırda Bakı şəhəri 100 faiz, Bakıətrafı ərazilər 90 faiz, regionlar isə 85-90 faiz təmin olunur: "Qeyd olunan ən mühüm obyektlərlə bağlı bizim tərəfimizdən qərargah yaradıldı. Ən böyük fasilə həyati vacib obyektlərdə birinci açılmada təxminən 2 saat 40-50 dəqiqə oldu. Dünənki açılmada isə fasilə 30 dəqiqə oldu. Rusiyadan alınan birinci 100 meqavat bizə Abşeron xətti ilə verildi, onunla bütün xəstəxanalar, kanalizasiya və su təchizatı sistemi, bütün həyati vacib obyektlər, metro, hava limanı - bunlar hamısı təmin olundu.


"Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov qeyd edib ki, ayın 2-də gərginlik itəndən sonar hərəkətdə olan 18 sərnişin qatarından  9-u stansiyalarda, 9-u tunellərdə dayanıb: "Sərnişin qatarlarının, stansiyaların və tunellərin işıqları söndü, eskalatorlar və travalatorlar, ventilyasiya şaxtaları, əsaslı, yerli və çirkab su xaric qurğularının nasosları dayandı. Təqribən saat yarımdan sonra əsaslı su xaric qurğularında suyun səviyyəsi qalxdı. Metronun "Sahil, "Nizami və "Nəsimi stansiyalarında səviyyə kritik həddə çatmışdı. Akkumulyatorlardan qidalanan qəza işıqları qoşuldu. Tunellərdə təxliyə əməliyyatları aparmaq üçün metropoliten işçilərindən, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin əməkdaşlarından ibarət qruplar təlimatlandırılaraq tunellərə göndərildi. Birinci gün stansiyalarda və tunellərdə dayanan qatarlardan sərnişinlər təxliyə olundu. Ümumilikdə 154 nəfər sərnişin çıxarıldı. Xəsarət alan olmadı. Vəziyyətdən çıxmaq üçün "Nizami və "Nəsimi stansiyalarındakı su xaric qurğularından su öz axını ilə nisbətən az debiti olan su xaric qurğularına istiqamətləndirildi. Saat 14:10-da yüksək gərginlik verildikdən sonra xətlərdəki qatarlar depoya çıxarıldı. Saat 5:25-də isə təsdiq olunmuş qrafik üzrə qatarlar normal hərəkətə başladı. Ayın 3-də isə saat 18:47-də təkrarən elektrik enerjisi itəndə analoji fəsadlar yarandı və bu dəfə pik saata təsadüf etdiyinə görə 30 minə yaxın sərnişin təxliyə olunub. Bu gün iyulun 4-də saat 13:10-da metropolitenin xətləri və stansiyaları yenidən sərnişindaşıma fəaliyyətinə başladı.


Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli bildirib ki, hadisədən sonra Bakı şəhərində bütün qarajlar gecə radələrində, Metropolitenlə əlaqə saxlanıldıqdan sonra hazır vəziyyətə gətirilib: "Ümumilikdə, yay aylarında Bakı şəhərində 1600 avtobus fəaliyyət göstərirdisə, onun sayı 2100-ə çatdırılıb. Bakı şəhərinin əsas nəqliyyat qovşaqları və giriş-çıxışları ehtiyat avtobuslarla təmin olunub və əhalinin rahatlığı üçün tapşırığınıza əsasən ödənişsiz fəaliyyət göstərməyə başlayıb. Eyni zamanda, nəqliyyat qovşaqlarında havanın isti olması nəzərə alınaraq sərinləşdirici içkilər Bakı Nəqliyyat Agentliyi tərəfindən paylanıb. Bundan başqa, maarifləndirmə işlərində, avtoradio və sosial şəbəkələrdə insanların yol kəsişmələrində bir-birinə duyarlı olması məsələsi qaldırılıb və insanlarımız da, qeyd etdiyiniz kimi, bununla əlaqədar olaraq öz vətəndaşlıq borclarını, çox yüksək səviyyədə yerinə yetiriblər. Bu arada Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzində də işıqforlarla əlaqə kəsilib, lakin elektrik enerjisi bərpa olunduqdan sonra işıqforların fəaliyyəti çox qısa zamanda yenidən təmin edilib. İşıq olmadığı zaman Dövlət Yol Polisi tərəfindən bütün kəsişmələrdə dəstək və kömək göstərilib.