"Xəzər dənizinin hüquqi statusu dövlət başçılarının yaxın vaxtlarda Astanada keçiriləcək görüşündə razılaşdırıla bilər.

Unikal.org xəbər verir ki, bunu Rusiya Federasiyası prezidentinin Xəzər ölkələri ilə əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Ramazan Abdulatipov deyib. O bildirib ki, Xəzərin hüquqi statusu ilə bağlı 5 ölkə ( Azərbaycan, Qazaxıstan, Türkmənistan, Rusiya və İran) arasında artıq 25 ildir müzakirələr gedir və nəhayət, bütün tərəflərin razılığa gələ biləcəyi məqam yetişib: "Tamamilə mümkündür ki, Astanada gözlənilən sammitdə Konvensiyanın imzalanması baş versin.

R. Abdulatipovun sözlərinə görə, bu sənəd olmadan aktiv iqtisadi əməkdaşlıqdan danışmaq çətindir. O hesab edir ki, Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi məsələsində gecikmənin davam etməsi ekoloji problemlərin ağırlaşmasına gətirib çıxaracaq: "Bir sıra istiqamətlər üzrə Xəzər fəlakətin astanasındadır, bir neçə il əvvəl imzalanmış Tehran Konvensiyası isə o qədər də effektiv işləmir".