Unikal.org Kulis.az-a istinadən  Azərbaycan milli azadlıq hərəkatının liderlərindən biri, eks-prezident Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyevlə müsahibəni təqdim edir.

- Bu gün burda, Elçibəyin doğulduğu Kələki kəndində 80 illik yubileyi qeyd olundu. Hansı hisslər keçirdiniz, nələr yaşadınız?

- Onu deyim ki, bizim cəmiyyət Elçibəyi anlamağa tam hazır deyildi. Bunun üçün hələ bir 20 il lazımdır.

- Bəs şəxsən özünüz nə hisslər keçirdiniz?

- Sağlığında adamın arxasınca çox danışırlar. Rəhmətə gedəndən sonra görəndə ki, mövqeyindən. düşüncəsindən asılı olmayaraq hamı onu hörmətlə anır, bu, adamı sevindirir. O adamlar hamısı bu il Elçibəyin 80 illik yubileyində qəbrinin üstündəydilər. Ən çox bu sevindirdi məni. Vaxtı ilə Elçibəyin arxasınca danışanlar onu ziyarətə gəlirlər.

- Elçibəyi daha çox necə xatırlayırsınız; ata kimi, yoxsa siyasətçi kimi, milli azadlıq hərəkatının lideri kimi?

- Ata kimi o qədər çox xatirəm yoxdur. Atamla bağlı bir-iki xatirəm var, vəssalam. Ancaq siyasətçi kimi tanıyıram.

- Bir yerdə çox vaxt keçirirdiniz?

- Xeyr. Prezident olduğu dövrdə demək olar ki, üzünü görmürdüm. Onda mənim 5 yaşım vardı. Kələkidən Bakıya qayıdandan sonra bir yerdə daha çox vaxt keçirmişik. Vaxt keçirmişik deyəndə, atamın asudə vaxtı gecə saat 12-dən sonra olurdu. Hardasa 15-20 dəqiqə ünsiyyətdə olurduq. Bu, mənə bəs edirdi. Uşaqların çoxunda ata-oğul münasibətləri var. Mən elə münasibətləri görəndə qısqanıram, təəssüf ki, bizim aramızda elə münasibət olmayıb. Amma atam məni sevməyib də deyə bilmərəm.

- Gəzməyə aparmırdı?

- Xeyr.

- Kələkidə də?

- Xeyir. Yenə vaxt olmurdu. 1993-cü ildən 1997-ci ilə kimi Kələkidə yaşamışıq. Dostları, qonaqları, gələn-gedən çox olurdu deyə bizə vaxt ayıra bilmirdi.

- Təəssüf edirdiniz?

- Uşaq olursan, istər-istəməz sən də ata sevgisi istəyirsən.

- Hər hansı mövzuda sizinlə söhbət eləmirdi?

- Bizdə hamı utancaqdı, bircə mən loru dildə desək, bir az üzlüyəm. Bununla belə aramızda siz deyən söhbətlər olmurdu. Bircə otağına rahat girib-çıxa bilirdim.

- Heç sizi danlayıb?

- Xeyr. Bir dəfə belə bir hadisə olmuşdu, o yadımda qalıb. Hardasa 8-9 yaşım vardı, dələduz uşaq idim. Küçədə tozanaq qaldırmışdım. Bunun üstündə ağsaqqallar atama şikayətlənmişdilər. Atam da məni çağırıb xəbərdarlıq elədi, dedi, ağsaqqallara hörmətsizlik eləmə.

- Türkçülük, millətçilik barədə danışır və ya kitab tövsiyə edirdi?

- Aramızda elə bir şey heç vaxt olmayıb. 10-11 yaşlarımda Kemal Sunal vurğunuydum. Demək olar, bütün filmlərinə baxmışdım. Ona görə atam adımı Şaban qoymuşdu (gülür). Deyirdi, sənin filmlərin başladı, get bax.

- Özü baxmırdı?

- Yox. Mən baxırdım. İndi də Şabanın filmlərinə baxmağı xoşlayıram.

- Bəy Kələkidə olanda sizinlə bir yerdə qalırdı?

- Əvvəl-əvvəl bir yerdə qalırdıq, sonra qonaqlar çox gəlib-getməyə başladı. Bizim gündəlik həyatımızda problemlər yaşanmasın, vaxtında yatıb-dura, dərslərimiz oxuya bilək deyə atam bizi ayrı evə köçürdü.

- Ad günlərində iştirak edirdi?

- Xeyr. Açığı elə çox ad günü də keçirməmişik. Bir dəfə 12 yaşım olanda kənddə ad günü keçirmişik. Onu da əmim oğlanları təşkil etmişdilər. O ad günümdə bugünkü yığıncaqdakından çox adam var idi. Atam Bakıda idi. İştirak etməmişdi (pauza). Ad günümdə atamın iştirak etməyi yadıma gəlmir.

- Yanınızda olmadığına görə atanızı qınayırdınız?

- Təklikdə olanda, öz-özlüyümdə çox qınamışam. Ən azından mən də ata sevgisi görə bilərdim. Neyləyək (pauza).

- Qəlbinizdə nisgil qalıb?

- Elə sözlər var ki, ürəyimdə qalıb, atama deyə bilməmişəm.

- Ürəyinizdən keçib ki, kaş atanız milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəy yox, adi, sıradan bir adam olaydı?

- Xeyr. Bu, xəbislik olardı.

- Atanızın prezidentlik dövründən yadınızda nə qalıb?

- Onda heç dostum da yox idi. Mən kəndə gələndən sonra dostun nə olduğunu bilmişəm. O vaxtı biz Zağulbadakı iqamətgahda qalırdıq. Orda tanıdığım uşaqlar İsa Qəmbərin övladları, Pənah Hüseynin oğlu idi; Turqut, İlkin, Vaqif. Uşaqlığım onlarla keçib. Böyüyəndən sonra isə mənim siyasətçi və ya siyasətçilərə bağlı dostlarım olmayıb. Dostlarım ya məhlədən, ya da kənddən olub.


- Nə əcəb atanızdan sonra siyasətə can atmamısınız?

- Elçibəy kimi bir adam olmaq mənə görə imkansızdır. İkincisi də Elçibəyin yanında ola-ola arxasınca iş görən o qədər adam vardı ki. Onun arxasınca iş görən adam mənim arxamca nələr edər?! Həm də hamı istəyər ki, övladı ondan ata sevgisi görsün.

- Yəni demək istəyirsiniz ki, siyasətçi olsanız ailənizə ayırmağa kifayət qədər vaxtınız olmaz?

- Bəli.

- Ona görə siyasətçi olmaq istəmədiniz?

- Bəli.

- Elçibəyin oğlu kimi sizə münasibət necədir?

- Həmişə insanlardan xoş münasibət görmüşəm.

- Bayaq dediniz, dələduz-ərköyün olmusunuz.

- Atam rəhmətə gedənə qədər ərköyünlüyüm olub. O vaxta qədər əmim oğlu Ədalət mühafizəçi kimi daim yanımda gəzirdi. Şəhərdə hər yerə o aparıb-gətirirdi. Atamın vəfatından sonra özüm sərbəst gəzməyə başladım. Heç yerdə də Elçibəyin oğlu olduğumu bildirmədim. Neçə il dostluq elədiyim dostlarım vardı ki, Elçibəyin oğlu olduğumu bilmirdilər.

- Elə çətin məqam olub ki, Elçibəyin adından istifadə edəsiniz?

- Elə çətin məqamım olmayıb. Amma o adın köməyini hər zaman hiss eləmişəm.

- Atanız vəfat edəndə hardaydınız?

- Kənddə idim, ağacları sulayırdım. Çağırdılar ki, gəl, Bakıya gedirsən. Heç kəs də demədi ki, niyə gedirəm. Bakıdakı evə girənə qədər heç nə bilmədim.

- Bəy vəfat edəndə neçə yaşınız vardı?

- Atam vəfat edəndə 13 yaşım 8 gün əvvəl tamam olmuşdu.

- Nə hiss keçirdiniz?

- 13 yaşında insan nə hiss keçirə bilər? Açığını deyim, 13 yaşımdan 18 yaşıma qədər heç bir hiss keçirməmişəm. Mən atamın yoxluğunu 18 yaşında hiss eləmişəm. Uşaq vaxtımdan mənim atam da anam olub, mənə tərbiyəni də anam verib. Mən ondan tərbiyə almışam. Atamın yanımda olmamasını hiss etdirməyib. 18 yaşdan sonra hər çətinliyə düşəndə istər-istəməz atanın yoxluğunu hiss edirsən.

- Kələkidə, həyətinizdə keçirilən yubileydə fikir verdim, camaata qaynayıb-qarışmırdınız, ortalıqda çox az görünürdünüz.

- Orda yaşca məndən böyük olanlar çox idi.

- Tədbirdə çıxış da etmədiniz.

- Özüm istəmədim. Tanınmaq, şöhrət mənlik deyil, tanınmamaq daha yaxşıdır.

- Özlüyünüzdə atanızla danışırsınız?

- Təbii ki.

- Sirr deyilsə, nə barədə danışırsınız?

- Adi şeylər barədə danışıram. Yatmamışdan qabaq günlük olan şeylərdən danışa bilərəm; belə olmasa belə ola bilərdi...

- Sən ölməsən, başqa cür ola bilərdi.

- Bəli, o cür dediyim də olub.

- Məzarını tez-tez ziyarət edirsiniz?

- Vaxt olduqca, daha doğrusu ürəyimdən keçdikcə. Ayda iki-üç dəfə məzarına gedirəm.

- Heç atanızdan nəsə istəyirdiniz sizə alsın; velosiped, oyun kompüteri...

- Kompüter oyunlarına uşaq vaxtından marağım olmayıb. Amma Bakıya gedəndən sonra velosipedə bir az marağım var idi. 1998-ci ildə də velosiped çox baha idi. Atam ad günümdə bir qədər pul vermişdi. O pulla gedib məhlədən ikinci əl velosiped almışdım. Hətta ad günümdə verdiyi pul azlıq elədi, gedib təzədən pul istədim. "Şirvan vaxtları idi, özü də atamın "şirvan, "məmməd, "nizami deməkdən xoşu gəlmirdi. O velosipedi 17 yaşıma qədər sürdüm.

- Maddi məhrumiyyətləriniz çox olub?

- Vallah, hamı necə yaşayıbsa biz də elə yaşamışıq. Çox şükür bu günlərə gəlib çıxmışıq. Amma həqiqətən o dövrdə necə yaşadığımızı bilmək istəyirsinizsə sizə deyim: 93-94-cü illərdə çəkilmiş bir şəklim var. İnternetdə də yayılıb. Türk jurnalist çəkmişdi. O şəklə baxsanız ayaqqabılarımın vəziyyətindən görərsiniz necə yaşamışıq (gülür).

- Bildiyim qədərilə atanızdan cib telefonu istəmisiniz, o da deyib ki, Türkiyədən qayıdanda alaram. Ancaq Türkiyədən ölüm xəbəri gəlib.

- Yox, o hadisə elə olmayıb. 6-7-də oxuyanda bayaq dediyim kimi dalımca əmioğlum Ədalət gedib-gəlirdi. Bir də gördün ya mən dərsdən tez çıxırdım, ya o gec gəlirdi. Bir gün atam soruşdu ki, niyə gec gəlirsən? Vəziyyəti izah elədim, dedi, mən sənə bir telefon alaram. O da elə həmən il rəhmətə getdi, telefon ala bilmədi. Onun yerinə Rüstəm Behrudi telefon alıb hədiyyə elədi.

- Atanız haqqında söhbətləri dinləməyi sevirsiniz?

- Baxır kim danışır. Onun əhəmiyyəti çoxdur. Elə adamlar var ki, bildiyimiz şeyləri danışır. Bilmədiyimiz şeyləri danışanda xoş gəlir. Altı-yeddi il əvvəl avtobusda gedirəm, bir kişi qayıdıb dedi ki, Elçibəyin oğlu mənim qucağımda böyüyüb. Baxıb gördüm ki, tanımıram. Mən də yolpulumu verib avtobusdan düşdüm. Nə deyərdim?

- Yanınızda Elçibəy haqqında tənqidi danışanda necə reaksiya verirsiniz?

- Tənqidə normal yanaşıram, təhqirə dözmürəm. Atamı təhqir edəndə dava salmışam, yumruqla payını vermişəm. Bəzən atamı tənqid edib deyirlər ki, Elçibəy zəif siyasətçi idi. Zəif siyasətçi Rusiya ordusunu Azərbaycandan necə çıxara bilərdi? O, bunu bacarıbsa deməli böyük siyasətçidir.

- Sevdiyi filmlər, musiqilər hansılar idi?

- Sevdiyi filmlər barədə məlumatım yoxdur. Amma sevdiyi musiqiləri bilirəm. "Səkinə dayıqızı mahnısını çox sevirdi. Bir də "Ay ana, bu yarım niyə gəlməz oldu və "Bu qala daşlı qala mahnılarını sevirdi.

- Siz də o mahnıları sevirsiniz?

- Yox (gülür). "Bu qala daşlı qalaya arada mən də qulaq asıram.

- Bəyi içki məclisləri ilə çox bağlayırlar.

- Azərbaycanda içməyən adam var? Mən kimsədən eşitməmişəm ki, desin, Elçibəy nə vaxtsa içib keflənib, özünü apara bilməyib.

- Evində canamaz, möhür gördüm. Namaz qılırdı?

- Namaz qılmağını deyə bilməyəcəm. Amma oruc tuturdu. Obaşdan atamla durub yemək yeyirdim, sonra gedib yatırdım (gülür).

- Bayaq dediniz "şirvan, "məmməd deməkdən xoşu gəlmirdi. Başqa nələrdən xoşu gəlmirdi?

- Azərbaycanlı ailələrdə "mama-papa müraciətləri çox işlədilir. Atamın bundan xoşu gəlmirdi. Arada əsəbiləşdirmək istəyəndə "papa deyərdim, hirslənərdi (gülür). Onun uşaqlardan xoşu gəlirdi, qucağına alıb oynadardı. Ancaq uşaq "mama, papa deyən kimi o dəqiqə yerə qoyardı (gülür). Bir də deyirdi ki, rus dilini oxumayın, lazım deyil sizə.

- Əməl elədiniz onun sözlərinə, rus dilini bilirsiniz?

- Yox, öyrənməmişəm, heç marağında da olmamışam.

- Atanızla aranızda olan yaş fərqi münasibətlərinizə təsir edirdi?

- Nə bilim? Heç bu barədə fikirləşməmişəm.

- Özünüzü bir oğul kimi bəyə borclu hesab edirsiniz?

- Bəli.

- Bəs vətəndaş kimi?

- Vətəndaş kimi də borclu hesab edirəm.

- Hansı daha çoxdur?

- Oğul kimi daha çoxdur. Atamın borcundan çıxmaq mümkün deyil. Onun üçün çalışıram özümü elə aparım ki, sonra deməsinlər atasının adını batırdı. Bir dəfə Facebook səhifəmdə qəlyanla şəkil qoymuşdum. Tənqid atəşinə tutdular ki, Elçibəyin oğluna baxın, qəlyanla şəkil çəkdirir. Mən də məcbur qalıb özümə gizli profil açdım (gülür).

- Heç gələcəkdə atanız haqqında kitab yazmaq və ya onun adını necəsə başqa cür əbədiləşdirmək kimi bir fikriniz, ideyanız varmı?

- Mənim yaza biləcəyim bir şey yoxdur. Amma yazanlara dəstək ola bilərəm. Qohumlarının bəy haqqında çox xatirələri çoxdur.

- Söhbətimizin əvvəlində dediniz ki, bəyi başa düşməyə hələ 20 il var...

- Tək mənim yox, elə çox adamın bəyi başa düşməyinə 10-20 il gərəkdir. Nəinki cəmiyyətin, yaxın qohumların belə buna ehtiyacı var. Qohumları da Elçibəyin kim olduğunu tam dərk edə bilmir. Buna görə düşünürəm ki, Elçibəyin kimliyini başa düşməyimiz üçün uzun illər keçməlidir. Yalnız ondan sonra biz Elçibəyin böyüklüyünü, şəxsiyyətinin əhəmiyyətini tam anlaya biləcəyik.