Azərbaycanda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə əklil qoyub.

Unikal.org xəbər verir ki, Ali qonaq görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini yad edib, məzarı üzərinə tər güllər düzüb.

Sonra Rəcəb Tayyib Ərdoğan Şəhidlər xiyabanını ziyarət edib. Burada onun şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib. Türkiyə Prezidenti "Əbədi məşəl abidəsinin önünə əklil qoyub.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Türkiyənin və Azərbaycanın dövlət himnləri səsləndirilib.