Prezident İlham Əliyev iyulun 8-də Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında şəhər nəqliyyatı ilə bağlı problemlərə toxunub. Ölkə başçısı bu sahədə bir çox pozuntulara yol verildiyini diqqətə çatdırıb.

"İndi dövlət vəsaiti hesabına parkinqlər tikilib, amma bu parkinqlər boşdur. Parkinqlərin yanında maşınlar qanunsuz dayanıb və heç kim də onlara demir ki, sən maşını niyə burada - parkinqlə üzbəüz saxlayırsan? Nədir ki parkinqə gedib maşını saxlamaq ya əziyyətdir, ya da ki, pul vermək istəmir. Bəlkə də qanunsuz olaraq az pul verib maşını burada saxlayır. Belə olan halda biz şəhər nəqliyyatını necə tənzimləyək?! Dayanacağın yerində binalar tikirlər. Məndə o şəkillər var. Mən müşavirə keçirmişdim, çox ciddi tapşırıq vermişdim və ciddi iradlar bildirmişdim. Rayon icra hakimiyyətləri dayanacağın yerini zəbt edir, hasarlayır, o yeri satır və demək olar ki, şəhər nəqliyyatını iflic vəziyyətə salırlar. O səhvləri buraxan məmurlar işdən qovulub. Şəhərsalma qaydaları elə qoyulmalıdır ki, şəhər nəqliyyatına əngəl törətməsin, əksinə, buna kömək göstərsin. Amma hansısa yaramaz bir məmur pul naminə o yeri satır, orada da qanunsuz bina tikirlər. Sonra da dövlət həmin binanın sökülməsi üçün böyük vəsait, kompensasiya verməlidir ki, qanunsuz tikən oradan çıxsın və yol açılsın. Ona görə çox ciddi tapşırıq verirəm, dövlət orqanları nəticə çıxarsınlar" - deyə Prezident əlavə edib.

Prezidentin dilə gətirdiyi problemlər, şəhər nəqliyyatındakı vəziyyət və digər məsələlərlə bağlı ekspert Ərşad Hüseynov Unikal.org-a danışıb:

- Ərşad müəllim, Prezident müşavirədə dayanacaqlar, parklama şəhər nəqliyyatı ilə bağlı problemləri dilə gətirdi və narazılığını bildirdi. Ölkə başçısının iradları ilə bağlı siz nə deyə bilərsiniz?

- Doğrudan da belə problem var, bu da göz qabağındadır. Bu gün Bakı şəhərində küçələrdə vəziyyəti gərgiləşdirən 2 ciddi problem var. Təbii ki, digər məsələlər də var. Problemlərdən biri qanunsuz parkalanmalar, digəri isə tikinti şəhərsalma qaydasının pozulmasıdır. Şəhərdə çox sayda binalar tikilir. Həmin binalardan istifadə edəcək adamların parklanma ehtiyacı nəzərə alınmır. Binaların bəziləri konkret olaraq yolları, səkini zəbt edir. Xüsusi olaraq Rəsulzadə qəsəbəsindəki tikililəri demək olar.

Mən əminəm ki, dövlət başçısı məhz oranı nəzərdə tuturdu. Ümumiyyətlə bu tipli nəqliyyat normaları, nəqliyyat parklanma yerləri nəzərə alınmır, üstəgəl yollar da zəbt olunur. Bununla da şəhərin perespektiv inkişafının qarşısı alınır. Nəticədə tıxaclar bir az da artır, üstəgəl həmin obyektlərin qarşısında qanunsuz parklanmalara yol verilir. Bu vəziyyəti daha da gərginləşdirir. Bunların qarşısı alınmalıdır.

- İclada prezident "Yol kənarları yaramaz məmular tərəfindən satılaraq, zəbt olunur" ifadəsini də səsləndirib. Ümumiyyətlə, bu cür hallar paytaxtın hansı rayonlarında daha çox müşahidə olunur?

- Şəxsən mən bunu Bakının bütün rayonlarında müşahidə etmişəm. Xüsusən də, şəhərin mərkəzinə nisbətən yaxın olan Yasamal, Nəsimi, Binəqədi və digər rayonlarda  rast gəlinir.

- Bəs bu cür obyektlərin sökülməsi üçün dövlət nə qədər vəsait ayırmalıdır?

- Əslində dövlət ona heç bir vəsait ayırmamalıdır. Çünki bu obyektlərin tikilməsi zamanı ciddi şəhərsalma qaydasının pozulmasından, cinayət xarakterli əməllərdən gedirsə belə kobud qayda pozuntları olan tikiləyə görə dövlət nəyə görə kompensasiya ödəməldir? Təbii ki, bu sübut olunarsa ...

Bir halda pul ödənilə bilər. Belə ki, hər hansı vətəndaşa dövlət orqanının vəzifəli şəxsi düzgün informasiya verməyib, həqiqətən sənəd verib, qanunsuz olduğunu bilməyib. Bu halda həmin vətəndaşa dəyən ziyanı qanunsuz qərarları qəbul etmiş məmurlar ödəməldir.

- Sürücülər avomobillərini parklama yerlərində saxlamırlar. Bunun səbəbi nədir?

- Müəyyən səbəblər var. Doğrudan da bəzi sürücülər harasa gedəndə fikirləşir ki, maşınımı getdiyim yerin pilləkanlarının düz dibində saxlayım. 100-200 metr kənarda saxlamağı fikirləşmirlər. Amma səbəblərin digər qismi həmin parkin yerlərinin idarə olunmasındakı problemlərdədir. O idarə olunma problemləri də aradan qaldırılmalıdır. Dediyim kimi pilləkanın dibində dayanmalıdır deyə düşünən sürücülər üçün dövlət orqanları tərəfindən iki istiqamətdə tədbir görülməldir.

İlk tədbir qadınlara öyrətmək lazımdır ki, əgər qadağandırsa, pilləkənin dibində durmaq olmaz. Qaydalar harada icazə verirsə orada dayanmaq lazımdır. İkinci halda isə bunu öyrənmək, riayət etmək istəməyənlər cərimə olunmalıdır. Bilməlidirlər ki, burada dayananlar cərimə olunacaq.

Aygün İlqarqızı