Bakının Qaradağ rayonunda yük maşınının sərnişin avtobusu ilə toqquşması nəticəsində 1 nəfər ölüb, 19 nəfər xəsarət alıb.

Bu barədə unikal.org-a açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev bildirib.

Qurum rəsmisi bildirib ki, hadisə nəticəsində xəsarətlərlə bağlı 19 nəfər müraciət edib: "Təcili tibbi yardım briqadaları və tibb müəssisələri tərəfindən göstərilən yardımdan sonra 13 nəfər evə buraxılıb. Hazırda 6 nəfər xəstəxanalarda müalicəsini davam etdirir. Hadisəni törədən yük avtomobilinin sürücüsü də xəsarətlə xəstəxanaya yerləşdirilib. Faktla bağlı DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb".

09:45

Bakı Nəqliyyat Agentliyi paytaxtda baş verən avtobus qəzası ilə rəsmi məlumat yayıb.

Unikal.org-a daxil olan məlumatda bildirilib ki, bu gün səhər saatlarında Bakı-Qazax avtomagistralının 21-ci kilometrliyində 90-OJ-802 DQN yük maşını 10-TF-383 DQN sərnişin avtobusuna çırpılıb: "İlkin məlumata görə, hadisə yük maşınının sürücüsünün sükan arxasında yuxuya getməsi səbəbindən baş verib. Belə ki, yük maşını hərəkətdə olan avtobusa gəldiyi sürətlə çırpılıb, nəticədə, sərnişin avtobusu bir neçə dəfə aşıb."

Hazırda Bakı Nəqliyyat Agentliyinin əməkdaşları hadisə yerindədir. Qəza nəticəsində 1 nəfər ölüb, 10-dan artıq şəxs müxtəlif dərəcəli xəsarət alıb. Xəsarət alanların vəziyyətini öyrənmək üçün BNA əməkdaşları hazırda yaralıların olduğu xəstəxanalardadır.


***

Qaradağ rayonunda baş vermiş ağır yol qəzası nəticəsində 13 nəfər xəsarət alıb, bir nəfər isə ölüb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov unikal.org-a bildirib ki, ölən şəxs qadındır. Qadın hadisə yerindəcə dünyasını dəyişib.

Xəsarət alanlardan 7 nəfər Kliniki Tibbi Mərkəzə, 1 nəfər Respublika Kliniki Xəstəxanasına, 3 nəfər isə orda Ələtdəki xəstəxanaya yerləşdirilib, 2 nəfərə yerindəcə ilkin yardım göstərilib.

09:09

Qaradağ rayonunda ağır yol qəzası baş verib.

Unikal.org xəbər verir ki, yük maşını 149 saylı xətt üzrə hərəkətdə olan sərnişin avtobusuna çırpılıb.

Ölən və xəsarət alanların olduğu bildirilir.

Hazırda Dövlət Yol Polisi İdarəsinin və Bakı Nəqliyyat Agentliyinin əməldaşları hadisə yerində arşadırma aparır.