Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ötən gecə baş tutan oyunları Azərbaycanın UEFA reytinqindəki mövqeyinə təsirsiz ötüşməyib.

Unikal.org xəbər verir ki, ölkəmiz bu siyahıda 1 pillə geriləyib.

Ötən gün Azərbaycanın avrokuboklardakı təmsilçilərindən "Qəbələ, "Neftçi və "Keşlə yeni mövsümdə ilk oyununu keçirdi. "Keşlə Malta "Baltsanına səfərdə 1:4, "Qəbələ evdə Lüksemburq "Proqresinə 0:2 hesabıyla uduzdu. Yalnız "Neftçi doğma meydanda Macarıstanın "Uypeşt klubunu 3:1 hesabıyla məğlub etməyi bacardı.

Klublarımızın o qədər də uğurlu alınmayan startı isə ölkəmizin geriləməsinə gətirib. Düzdü, "Neftçi qalib gəlməklə Azərbaycanın reytinqinə 0.250 xal yazdırıb. Lakin bu təmsilçiləri daha uğurlu çıxış edən Belarusun bizi geridə qoymasına mane olmayıb.

Hazırda UEFA reytinqində 55 ölkə arasında 22-ci pillədəyik. Azərbaycanın hesabında 17.125 reytinq xalı var. Onun hələlik 0.500 (0.250 "Qarabağ, 0,250 "Neftçi) xalı cari mövsümdə qazanılıb.

Onu da əlavə edək ki, klublarımızın təsnifat mərhələsindəki istənilən qələbəsi Azərbaycana 0.250 reytinq xalı qazandırır. Heç-heçə isə 0.125 xal verir. Qrup mərhələsində heç-heçə 0.250, qələbə 0.500 xalla qiymətləndirilir.