Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 49-cu ildönümü münasibətilə Qubadlı rayon icra hakimiyyətinin və YAP Qubadlı rayon təşkilatının birgə təşkilatçılığı ilə tədbir keçirilib.

Unikal.org xəbər verir ki, tədbirdə öncə Ulu Öndərin həyat yolundan bəhs edən videoçarx nümayiş olunub.

Sonra tədbiri giriş nitqi ilə açan rayon İcra Hakimiyyəti başçısının müavini, YAP Qubadlı rayon təşkilatının sədri Allahverdi Haxverdiyev ulu öndər Heydər Əliyevin 1969- cu ilin iyul ayının 14- də Azərbaycan Respublikasına rəhbər təyin edilməsini taleyin Azərbaycan xalqına bir bəxşişi kimi dəyərləndirərək qeyd edib ki, bu hadisə ölkəmizin tarixində uzunmüddətli və sürətli inkişafın əsasını qoyub. Sovеt rеjiminin bütün xüsusiyyətlərinə dərindən bələd olan Hеydər Əliyеv Azərbaycanı düşmüş olduğu ağır vəziyyətdən çıxarmaq üçün qətiyyətli addımlar atmağa başladı. Ulu öndər 1969-1982-ci illərdə milli kadr hazırlığı məsələsinin həllinə, təhsil şəbəkələrinin genişləndirilməsinə, bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsinə nail oldu.

Bildirilib ki, 1969-1982-ci illərdə Hеydər Əliyеv bütün sahələrdə digər sovеt rеspublikaları ilə muqayisədə dəfələrlə gеri qalan, tənəzzülün hökm sürdüyü bir rеspublikanı dirçəltmək missiyasını yеrinə yеtirməli oldu. Azərbaycana rəhbər təyin olunan Heydər Əliyev respublikanın geriqalma səbəblərini dərindən araşdıraraq, dahiyanə uzaqgörənliklə ölkənin uzunmüddətli, dinamik və hərtərəfli inkişafını təmin edən kompleks inkişaf proqramları hazırlatdı və onların icrasına başlandı. Cəmiyyətin sağlam qüvvələrini, mövcud resursları səfərbər edərək respublikanı tərəqqi və inkişaf yoluna çıxardı.

Sonra tədbirdə çıxış edən rayonun Xıdırlı məktəbinin direktoru Savalan İmanov, Eldar Xanlaroğlu və digər çıxışçılar "Heydər Əliyev və Azərbaycanın müasir tarixi mövzusunda çıxışlar etdilər. Məruzə və çıxışlarda qeyd edildi ki, həyatının Moskva dövründə də respublikamızın inkişafına dəstək xalqımızın böyük oğlunun fəaliyyətində prioritet olmuşdur. Xalqın təkidli tələbi ilə Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdan Ulu Öndər tariximizin olduqca məsuliyyətli və taleyüklü mərhələsində ölkəni məhv olmaqdan qurtardı.Razılıqla qeyd edildi ki, Heydər Əliyevdən sonra ölkəmizin sürətli inkişafı Ümummilli Liderin ideyalarının həyata keçirilməsinin birbaşa təntənəsi olduğu kimi, həm də onun siyasi varisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çoxşaxəli fəaliyyətinin nəticəsi olaraq dəyərlidir. Hazırda Heydər Əliyev siyasi kursunu uğurla və inamla davam etdirən respublika prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz Qafqazda lider dövlətə çevirmiş, inkşaf etmiş dövlətlər sırasına çıxmışdır.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardıgı daxili və xarici siyasətin ugurları barədə ətraflı məlumat verilib. Son günlər dövlətimizin inkişafını gözü götürməyən düşmən qüvvələrin əlaltılarının Gəncə şəhərində törətmək istədikləri təxribatların qarşısının xalq hakimiyyət həmrəyliyi nəticəsində puça çıxarıldığı qeyd edilib və Azərbaycan xalqının hər zaman Ulu öndər davamçısının ətrafında sıx birləşdiyi bildirilib.

Sonda bir qrup şəxsə YAP Qubadlı rayon təşkilatının fəxri fərmanları və yeni üzvlərə üzvlük vəsiqəsi təqdim olunub.