"Ünvanlı dövlət sosial yardımın təyinatı üzrə son iki ayda aparılan araşdırmalar yardımların təyinatında bir sıra hallarda ünvanlılıq pozulub, yardım üçün müraciətlərlə əlaqədar maddi-məişət müayinələrinin aparılması zamanı qeyri-obyektiv yanaşmalara, nəticədə qeyri-qanuni yardım təyinatlarına yol verilib, sosial yardım üçün müraciətlərin bir hissəsinin məhz nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) yerli şöbələrinin İP ünvanlarından daxil edildiyini və s. aşkara çıxarıb".

Unikal.org-un məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirlikdə keçirilən müşavirədə bəyan edib.

O bildirib ki, bu sahədə pozuntuların aradan qaldırılması üçün institusional və inzibati xarakterli ciddi tədbirlər görülür, həmçinin DSMF-nin yerli şöbələrinin bu sahədə ciddi nöqsanlara yol vermiş rəhbərləri və əməkdaşları işdən kənarlaşdırılır: "Bir neçə yerli şöbənin əməkdaşlarının qanunsuz hərəkətləri barədə materiallar hüquq mühafizə orqanlarına təqdim edilib. Ümumilikdə sosial yardım sistemində subyektiv yanaşmaların aradan qaldırılması, sistemin aztəminatlı ailələrə əlçatanlığının tam təmin edilməsi, sosial yardım proqramının özünüməşğulluqla əlaqəli mexanizminin formalaşdırılması üçün qısa müddətli və orta müddətli dövr üçün müəyyən edilən fəaliyyət istiqamətləri üzrə işlər aparılır".