İspaniyanın "Sevilya" klubunun baş məşqçisi Pablo Maçin Avropa Liqasında potensial rəqiblərindən olan "Neftçi" və Macarıstan "Uypeşt"i arasında keçirilmiş I təsnifat mərhələsinin ilk oyunu barədə fikirlərini bölüşüb.

Unikal.org-un report-a istinadən məlumatına görə, 43 yaşlı mütəxəssis AS nəşrinə açıqlamasında flaqmanın 3:1 hesabı ilə qələbə qazandığı görüşü izlədiyini bildirib.

Lakin o, hansı komandanın mərhələ adlayacağını deməkdə çətinlik çəkib: "Hələ qarşıda cavab görüşü var. Həmin oyunun nəticəsinə əsasən, hara səyahət edəcəyimizi biləcəyik. Bu, bizim üçün çox vacibdir. Hər halda hansı ssenari ilə mübarizə aparacağımızı müəyyənləşdirməliyik".

Maçin "Neftçi" - "Uypeşt" matçının ağır alındığını da vurğulayıb: "Görüş isti hava şəraitində keçdi. Oyunun tempi elə də yüksək deyildi. Lakin bütün oyunlar çətindir. Hər iki komandanın çox yaxşı oyunçuları var. Mərhələ adlamaq üçün mümkün olan hər şeyi etməliyik. Bizim üçün əsas məsələ budur".

"Uypeşt" - "Neftçi" matçı iyulun 19-da Budapeştdəki "Ferents Şuşa" stadionunda keçiriləcək. Cütün qalibi iyulun 26-da Avroliqanın II təsnifat mərhələsinin ilk görüşündə "Sevilya"nın qonağı olacaq. Bu mərhələnin cavab oyunu isə avqustun 2-də olacaq.