"Altes Group şirkəti Gəncədə baş verən hadisələrə dəstək məqsədilə "Biz sizinləyik, cənab Prezident şüarı altında avtoyürüş keçirəcək.

Unikal.org xəbər verir ki, bununla əlaqədar şirkətin ofisində mətbuat konfransı keçirilib. Konfransda çıxış edən "Altes Groupun sədri Rüstəm Abdullayev bildirib ki, iyun ayının 19-da "Altes Plaza da yaşayan sakinlərlə birgə Gəncəyə gedəcəklər:

"Burada məqsədimiz odur ki, Gəncədə baş verən hadisələrə görə həmrəylik nümayiş etdirərək, cənab Prezidentin yanında olaq. Bilirsiniz ki, bizim binalarımızda çox hörmətli və nüfuzlu adamlar yaşayır. Millət vəkilləri, diplomatlar, tanınmış aktyorlar, müğənnilər, eyni zamanda Gəncənin deputatları da bu aksiyaya dəstək verib və onlarla artıq məsləhətləşmələr aparılıb. Aksiyada mən də iştirak edəcəm. Eyni zamanda, aksiyada 200-yə yaxın sakinin iştirak etməsi də gözlənilir. Qeyd edim ki, Yeni Azərbaycan Partiyasının Yasamal rayon nümayəndəliyinin ofisi "Altes Plaza da yerləşir. Mən də nümayəndəliyin İdarə Heyətinin sədriyəm. Aksiya zamanı şəhid polislərin qəbrini ziyarət edəcəyik. Əgər hansısa tədbir olacaqsa, orada da iştirak edəcəyik. Şirkət prezidenti Gəncədə baş verənləri terror aktı adlandırıb və hadisələri pisləyib: "Biz şirkət olaraq Prezidentimizlə bir yerdəyik. Bu hadisəni törədən radikal dini qruplaşmaların üzvləridir. Hadisəyə müxtəlif donlar geyindirilir. Təxribat məqsədli yazılar sosial şəbəkələrdə yayılır. Təəssüflər olsun ki, ağızlarına gələni yazırlar. Bu, heç də xoş deyil. Bunlar da xaricdə yaşayıb feysbukda olan profillər vasitəsilə yayırlar. Onlar ölkədə sabitliyi pozmaq istəyən qüvvələrdir. Bilirsiniz ki, feysbuk ölkəmizin nəzarəti altında deyil, ona görə də onlar burada öz siyasətlərini yeridə bilirlər. Ola bilsin ki, hansısa cinayətkardır, ölkədən qaçıb və necə gəldi rəhbərliyi pisləyir. Ona görə də istərdim ki, bu cür profillərə qanun qarşısında hansısa məhdudiyyətlər qoyulsun. Çünki onlar açıq-aşkar təxribat edirlər. Məsələn, Rusiyada belə bir qanun var ki, xarici sosial şəbəkələrin rəhbərlərinə öhdəlik qoyulub ki, onların serverləri Rusiyada yerləşdirilsin və buna nəzarət olunsun. 

Qeyd edək ki, aksiya bir gün davam edəcək. R. Abdullayev media nümayəndələrini də aksiyada iştirak etməyə dəvət edib.