İllərdir Türkiyədə yaşayan, qardaş ölkənin Ağır Atletika Federasiyasında çalışan tanınmış məşqçi Üzeyir Hacıyev Azərbaycana gəlib. 

Vətəninə gələn taınmış məşqçi Unikal.org-un qonağı olub və suallarını cavablandırıb. O müsahibəsində sonuncu dəfə Azərbaycana 2015-ci ildə gəldiyini deyib. 

- Neçənci ilədən Türkiyədə yaşayırsınız?

- Türkiyəyə ilk gedişim 1992-ci ildə oldu. İki oğlum var, rusdillidirlər. Onların anadilində öyrənməsi o dövrdə bir az çətin idi.

Biz o dövrdə həyat yoldaşımla tura çıxdıq. Türkiyəin Amasiya şəhərində tanışlar tapdıq. Orada danışdıq ki, vəziyyətimiz belədir, sənətimiz haqqında məlumat verdik. Daha sonra vətənə qayıdıb övladlarımızı da alıb ora getdik.

Həm də istədik özvladlarımız yaxşı təhsil görüb, öz ana dillərinə yiyələnsinlər. Uşaqları litseyə qoyduq. Biz də az-çox maaşı olan bir iş tapdıq. Beləliklə işlərimiz yoluna qoyuldu.

- Türkiyə Ağır Atletika Federasiyasında nə vaxtdan çalışırsınız?

- Mənim əsas sənətim mühəndisdir. Bakı çalışırdım. Həmçinin beynəlxalq səviyyəli hakim, keçmiş ağır atlet olmuşam.

Yoldaşım isə həkim olduğu üçün öz sənəti üzrə işə başladı. Mən də nə iş görə bilərəm deyə bəzi araşdırmalar etdim. Daha sonra ağır atletika avadanlıqlarını düzəltdim və bölgənin bələdiyə sədirinə müraciət etdim.

Onlar da razılaşdı, mənə dedilər ki, yer verərik, ağır atletika məşqçisi kimi fəaliyyətə başlayarsan.
Beləliklə, tələbələr yığdım, həvəslə işləməyə və yarışlara qatılmağa başladıq. Bir neçə yarışa qatıldıqdan sonra federasiyanın diqqətini çəkə bildik. Çünki ilk yarışlarda medallar qazanmışdıq. Bu da 1994-1996-cı illərdə oldu.

Bu zaman bizi rəsmi şəkildə qəbul etdilər. Amma qarşılığında ödəniş edilmirdi. Mən də düşündüm problem deyil, bizə əsas bu lazımdır.

2004-cü ildən isə federasiya ilə rəsmi müqavilə bağladım. Türkiyədə olmayan bir hadisə oldu. Orada 35 yaşından sonra heç kimi dövlət idarəsinə işə götürmürlər. 2006-cı ildə məni dövlət məmurluğuna qəbul etdilər. O zamandan bu günə qədər davamlı olaraq yarışlara dəvət edirdilər.

2016-cı ildə Kosovadan Türkiyə Ağır Atletika Federasiyasından məktub gəldi. Məktubda bildirilirdi ki, yardım məqsədi ilə bizə təcrübəli məşqçi lazımdır. Bu barədə federasiya hər kəsə məlumat verdi. Sona 20 məşqçi arasından məni seçdi. 1 il orada çalışdım. Mən Bakıya birbaşa İspaniyadan gəlmişəm. Heç Türkiyəyə getməmişəm. Çünki orada yarışda idik.

- Hələ də şəxsi tələbələriniz var?

- 4 tələbəm Türkiyə milli komandasının üzvüdür.

- Azərbaycandan müraciət edən ağır atletlər var?

- Kosovaya gedəndən sonra dünyanın bir çox ölkələrindən olan məşhur idmançılar mənimlə işləmək üçün müraciət etdilər.

- Sizə Azərbaycan Ağır Atletika Federasiyasından təklif gəlib?

- Yox. Türkiyənin Zirvə klubu ilə müqaviləmiz vardı. Sonradan deyəsən onların durumu yaxşı olmadı, davam edə bilmədilər. 2015-ci ildə təqaüdə çıxdım. Çünki orada 65 yaşından sonra heç kim işləmir. Amma federasiya məni yenidən dəvət etdi. 2016-cı ildə yenidən çağırdılar və komanda ilə birlikdə Avropa çempionatına getdik. Kosovaya gedən vaxt məni heyətə yenidən əlavə etmişdilər.

- Azərbaycandan çıxan ağrı atletlər sizi qane edirmi?

- Bəli, çox bacarıqlı idmançılar var. Nicat Rəhimov Azərbaycandan çıxdı. Dadaş Dadaşbəyli də getsəydi, o da dünya çempionu olardı.


- Sizcə bizim idmançıların dopinqdə tez-tez ilişmə səbəbi nədir?

- Burada məşqçilərin heç bir günahı yoxdur. Günah idmançılardadır. Düşünürlər ki, idmançılar yavaş-yavaş deyil, birdən zirvəyə yüksəlib, mükafat alsınlar.

Dəvəquşu kimi... Başlarını yerin dibinə soxub, eləbilirlər heç kim onları görmür. Heç bir təcrübəli şəxs deməz ki "al bu dəranı iç". Deyən varsa, o da məşqçi deyil.


- Federasiyadakı problemləri aradan qaldırmaq üçün nə etmək lazımdır?

- İlk öncə işin başında peşəkarlar durmalıdır. Onlar işini bilən olmalıdırlar. amma nədənsə, bizdə kənardan gətirməyə üstünlük verirlər.

Türkiyə federasiyasında ildə 2 dəfə həm hakimlər, həm də məşqçilər üçün seminar keçirilir. Orada inkişaf var və qaranlıq qalan məqamların hər birinə aydınlıq gətirilir.

Amma bizimkilərdə belə deyil. Azərbaycan Ağır Atletikasında seminar keçirilmir. Buna görə də məşqçilərdə heç bir inkişaf yoxdur. Azərbaycan Ağır Atletika Federasiyası inkişaf etmir, sanki bir qutunun inçində qalıb eyni şeyi təkrarlayır.


- Vahid Nəzərovla münasibətiniz necədir?

- Əladır. Vahid Nəzərov Azərbaycan idmanı üçün böyük qazancdır. Onun bu sahədə dünya səviyyəsində bacardığını heç kim etməz. Vahid Nəzərovun Beynəlxalq Ağır Atletika Federasiyası ilə yaxşı əlaqəsi var.

Türklərin "Ağzı ilə quş tutmaq kimi misalı var. Mən də dünyada bir nəfər tanıyıram ağzı ilə quş tuta bilən, o da Vahid Nəzərovdur. Bacarmadığı iş yoxdur. Bu işləri ona versələr həmin problemlər yaranmaz.

Hazırda Beynəlxalq səviyyəli hakimdir. Buna baxmayaraq çox yaxşı məşqçidir. Onu da vurğulayım ki, idmançının nə haqqı var "bu məşqçi yaxşı, ya pisdir desin. Onu mən yetişdirirəmsə məni necə dəyərləndirə bilər?

- Azərbaycan Ağır Atletika Federasiyasındakılarla əlaqəniz var?

- Cahangir Əsgərovu tanımıram. Amma Tofiq Heydərovu yaxşı tanıyıram. Onun Ağır atletikada etdiyini heç kim etməyib. O insan qazancını ağır atletikaya xərcləyir. Mən bunun şahidiyəm. 

- Bəs federasiya daxilində ondan razı olanlar çox deyil, əksinə narazılar var... 

- Hamısı qısqanclıqdandır. Heydərov ağır atletika üçün zallar yaradıb. O zallardan heç bir ölkədə yoxdur.  Onun qurduğu zala başqa ölkələrdən idmançılar gəlib məşq edirlər.  Amma yanındakılar onunla həmfikir olmalıdır. 

- Türkiyədə dopinqlə mübarizə necədir?

- Çox yaxşıdır. Türkiyə Ağır Atletika federasiyasına yeni rəhbər gəldi. İdman nazirinin müavini idi. Dopinqin səviyyəsini pillə-pillə endirdi. Hazırda dopinq 0 sıfır səviyyəsindədir. Əvvəlki prezident Hasan Akkuşda da günah yox idi. Ona qarşı müəyyən tələlər vardı. O, Avropa federasiyasında katib vəzifəsində çalışır. Türklər demiş, dört dörtlük adamdır.

Aygün İlqarqızı