"Azərbaycan dövləti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq norma və prinsipləri əsasında həllinə çalışır.

Unikal.org-un xəbərinə görə, bunu Azərbaycan Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) yaranmasının 20-ci ildönümü münasibətilə ilə keçirilən mərasimdə deyib.
Prezidentin köməkçisi qeyd edib ki, işğal olunan ərazilərin azad edildikdən sonra ANAMA-nın üzərinə məcburi köçkünlərin öz doğma torpaqlarına təhlükəsiz şəraitdə qayıtmalarının təmin olunması kimi önəmli vəzifə düşəcək.
F.Ələsgərov ANAMA-nın fəaliyyətindən danışarkən vurğulayıb ki, fəaliyyət göstərdiyi 20 İl ərzində ANAMA qarşısına qoyulan tapşırıqları yerinə yetirib və sıralarına peşəkar kadrlar cəlb edib, maddi texniki bazasını müasir standartlar səviyyəsində yüksəldib: "2017-ci ildə Azərbaycan Prezidentinin müvafiq sərəncamlarına uyğun olaraq işğaldan azad edilən Cəbrayıl rayonunun Cocuq-Mərcanlı kəndinin bərpası ilə bağlı qısa müddət ərzində 3.5 milyon kvadrat metrdən çox ərazi minalardan təmizlənib. ANAMA fəaliyyətə başladığı dövrdən bir çox beynəlxalq təşkilatla, eləcə də ayrı-ayrı dövlətlərin müvafiq strukturları ilə səmərəli əməkdaşlıq qurub, qarşılıqlı təcrübə mübadiləsi aparıb. Agentliyin yalnız Azərbaycan ərazisində deyil, başqa dövlətlərin ərazilərində də əməliyyatlara cəlb edilməsi onun əməkdaşlarının yüksək peşəkarlığının göstəricisidir. Minalardantəmizləmə peşəsinin sahibləri əksər hallarda hıyat və sağlamlıqlarını təhlükə altına ataraq şərəfli və humanist vəzifələrini icra edirlər. Onların fəaliyyətinə ölkə rəhbərliyin tərəfindən də xüsusi diqqət yetirilir, agentliyin maddi-texniki təchizatı gücləndirilir, əməkdaşları dövlət mükafatları ilə təltif olunurlar.