18 Oktyabr 2018
Xəzərin ətraf mühitinin mühafizəsi ilə bağlı protokol imzalandı - FOTOLAR
CƏMİYYƏT 15:46 / 20.07.2018
19-20 iyul 2018-ci tarixlərində Moskva şəhərində "Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası”nın (Tehran Konvensiyası) Tərəflər Konfransının növbədənkənar sessiyası keçirilib.

Unikal.org xəbər verir ki, Azərbaycan Respublikasını sessiyada Ekologiya və Təbii Sərvətlər nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Sessiya zamanı "Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyasına Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsinə dair Protokol” beş Xəzəryanı ölkə tərəfindən imzalanıb. Protokolun məqsədi Xəzər dənizi hövzəsində nəzərdə tutulan təsərrüfat fəaliyyətlərinin gözlənilən təsirlərindən qorunması üçün ətraf mühitə təsirlərin transsərhəd qiymətləndirilməsinin aparılması, şəffaflıq və davamlı inkişaf prinsiplərinin təmin olunmasıdır.

Qeyd edək ki, "Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası” 12 avqust 2006-cı il tarixində qüvvəyə minib.