SON XƏBƏRLƏR
20 Avqust 2018
19 Avqust 2018
“Dini əmin-amanlığı pozmağa cəhd edən qüvvələr var" - Amil Cavadov (FOTOLAR)
CƏMİYYƏT 16:31 / 20.07.2018
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondu və YAP Gənclər Birliyinin birgə təşkilatçılığı ilə iyulun 20-də "Dövlət və din modeli” adlı tədbir keçirilib.

Unikal.org xəbər verir ki, Yeni Azərbaycan Partiyasının qərargahında baş tutan tədbirdə dini dəyərlərin qorunması, din-dövlət münasibətlərinin tənzimlənməsi və maarifçilik işinin genişləndirilməsi istiqamətində müzakirələr aparılıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Amil Cavadov əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və hazırda Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dövlət-din münasibətləri barədə danışıb. O, Azərbaycanda dövlət-din münasibətlərinin uğurla tənzimləndiyini, qanunvericilik bazasının formalaşdırıldığını diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycanda dini və mənəvi azadlıq təmin olunub, bütün dinlərin nümayəndələri azad şəkildə öz ibadətlərini həyata keçirirlər. Təəssüf ki, Azərbaycanda mövcud olan dini əmin-amanlığı pozmağa cəhd edən qüvvələr var. Amma buna baxmayaraq inanırıq ki, sağlam düşüncəli vətəndaşlarımız bu məkrli planların həyata keçirilməsinə imkan verməyəcək, bu sahədə fəal olacaqlar. Hər bir Azərbaycan vətəndaşı uğurlu dövlət-din modelini qorumalıdır.

Milli Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov gənclərlə aparılan maarifçilik işindən danışıb. O deyib ki, bu istiqamətdə bir sıra işlər görülüb və din tarixi, həqiqi inanc anlayışları ilə bağlı tədbirlər bundan sonra da davam etdiriləcək.

Fondun rəhbəri qeyd edib ki, Azərbaycanda dünya ölkələrinə nümunə göstəriləcək dövlət-din münasibətlərinin xüsusi modeli mövcuddur. Bu modelin əsasında Azərbaycan xalqının xarakterik xüsusiyyəti kimi formalaşmış tolerantlıq və multikulturalizm kimi ülvi dəyərlər dayanır.

Milli Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyev isə qeyd edib ki, xalqımız milli mənəvi dəyərlərinə, İslam ənənələrinə hər zaman hörmətlə, sədaqətlə yanaşıb. Azərbaycan xalqı ən çətin və ağır tarixi dövrlərdə dini ənənələrini qoruyaraq günümüzədək gətirib çıxarıb. Kənardan ölkəmizə idxal olunmasına çalışılan ideologiyalar qətiyyətlə rədd edilir. Əlbəttə, fanatik ideyaların təsiri altına düşən vətəndaşlarımız da var. Lakin ölkə səviyyəsində onların sayı olduqca azdır və cəmiyyətimiz belələrinin ardınca getməkdə deyil, onların islah olunmasında maraqlıdır.

Tədbir müzakirələrlə davam etdirilib.