Ərdəbil şəhərinin daha bir millət vəkili İranın təhsil naziri Məhəmməd Bəthayiyə etiraz edib. Millət vəkili Məhəmməd Feyzi nazirin məktəblərdə ana dilinin tədrisinin qadağan olunmasına dair çıxışı ilə razı deyil.

Unikal.org İran mətbuatına istinadən xəbər verir ki, millət vəkili  məsələyə "Teleqram səhifəsində yazdığı rəylə  münasibət bildirib:

"Yerli dillərdə dərs keçərək, fars dilini öyrənmək nəinki təhlükəli deyil, hətta şagirdlərin öyrənmə qabliyyətini artırar. Mən bilmirəm təhsil naziri nəyə istinad edərək, belə bir açıqlama verib. Amma onun açıqlamasının elmi əsası yoxdur. 

Təhsil naziri ölkə konstitusiyasının 15-ci maddəsini icra edərək, bütün İran xalqlarının naziri olmalıdır".

Qeyd edək ki, M.Feyzi Ərdəbil əyalətinin 7 millət vəkilindən təhsil nazirinin irqçi açıqlamasına etiraz bildirən ikinci deputatdır. 

Bundan əvvəl Meşkinşəhrin millət vəkili Vəli Məliki oxşar açıqlama ilə çıxış edərək nazirin ana dillərinə qarşı çıxışını pisləyib, məktəblərdə türk dilinin tədris olunmasını tələb edib.

Xatırladaq ki, iyulun 14-də İranın təhsil naziri M.Bəthayi şagirdlərə qeyri-fars dillərində dərs keçməyin təhlükəli və qadağan olduğunu vurğulayaraq məktəblərdə fars dilinin tədris olunması məsələsini "sistemin qırmızı xətti adlandırıb. Nazirin bu açıqlaması azərbaycanlıların kəskin etirazına səbəb olub.