Statistikaya görə, dünya əhalisinin 97% dejavü halını yaşayır. Bəs bu psixoloji durumun baş vermə səbəbi nədir?

Unikal.org bildirir ki, "Déjà vu (Deja vü) fransız dilindən tərcümədə "artıq gördüm deməkdir. İnsan mənəvi aləmini zənginləşdirdikcə bu hal daha dərinləşir və çox baş verməyə başlayır.

Dejavü bəzən bir neçə saniyə davam edir. Psixoloqlar iddia edirlər ki, onun insan şüuruna və orqanizminə zərəri yoxdur. Bununla bərabər, bəzən düşdüyümüz bu halın bizə faydası da sübut olunmayıb.

Bəs dejavü niyə şüurumuza bu qədər dərin təsir edir? O zehnimizin yanlışıdır, yoxsa qəlbimizin bizə göndərdiyi gizli mesajdır?

Dejavü zamanı insanda elə təəssürat formalaşır ki, artıq bu vəziyyətə düşüb və belə bir hal başına gəlib. Bu müəmmalı anda sizə elə gəlir ki, olduğunuz məkan, eşidəcəyiniz sözlər və səslər ümumiyyətlə hər bir şey artıq baş verib, irəliləyən saniyələrdə hadisələrin necə cərəyan edəcəyini də dəqiq bilirsiniz. Elə bu an öz-özünüzə deyirsiniz: "Bu hadisə mənim başıma gəlib, artıq bunu görmüşəm.

Bəzən gözünüzə sataşan bir rəng çaları, ətir, məkan da bu hissi yaşamağınıza səbəb ola bilər.

Dejavü bəzən psixoloji qətiyyətinizi gücləndirə, digər halda isə bir anlıq zehni qarışıqlıqla müşayiət oluna bilər. Maraqlısı oldur ki, bu hal 1 dəfə belə başınınıza gəlsə, heç vaxt unutmayacaqsınız.

Dejavünün elmi açması

Atrıq əsrlərdir ki, alimlər, mütəxəssislər dejavünü elmi, tibbi baxımdan açmağa çalışırlar. Fizioloji baxımdan bu hal 10 saniyədən çox davam etmir. Çağdaş elmi araşdırmalar dejavü zamanı insanın şüurunda baş verənləri müşahidə etməyə imkan yaradır. Dejavü anında insan şüurunda "mən bunu görmüşəm və "bu indi baş verir siqnalları fəallaşır. Tibbi mütəxəssislər adıgedən disfunksional ötürücüləri müşahidə etdikdən sonra bu qənaətə gəliblər ki, yaddaş və tanıma hisslərini təmin edən bölgələr hər ikisi birdən oyandığı üçün bu durum baş verir. Yaddaş bölgəsi tanıma bölgəsi ilə eyni anda oyanıb hətta daha fəal siqnal ötürdüyü üçün insanda gələcəyi görmə, yəni dejavü formalaşır. Bütövlükdə alimlərin gəldiyi son nəticə budur:

"Dejavü yaddaşın izaholumaz, lakin zərərsiz yanlışıdır.

Ancaq onun yaranması haqda alimlər dəqiq fikir yürüdə bilmirlər.

Bu günədək laboratoriyalarda aparılmış təcrübələr tam nəticə verməsə də, maraqlı qənaətlə sonlanıb.

Təcrübədə iştirak edən insanlara müxtəlif rəsimlər təqdim olunub, səslər dinlətdirilib. Sonra isə onlara hipnoz vasitəsilə gördüklərini və eşitdiklərini unutmaqları əmr edilib.

İştirakçıları oyadıb eyni əşyaları və səsləri yenidən diqqətlərinə çatırıblar. Məhz bu zaman onlarda "dejavü baş verib. Belə çıxır ki dejavü yeni bir hadisə deyil, unudulub yenidən aktivləşdirilmiş yaddaşdır.

Bəs belədirsə, başımıza gələnləri nə vaxt görmüşük ki, yenidən qarşımıza çıxanda xatırlayırıq?

Bir sıra psixoloqlar maraqlı fərziyyə irəli sürülər. Onlar qeyd edirlər ki, dejavü şüuraltı fəaliyyətin üzə çıxmasıdır. Yəni siz artıq buna bənzər hal yaşamısınız.

Geniş yayılmış mülahizələrdən biri də odur ki, dejavü yuxularımızla bağlıdır. Bu nəzəriyyənin müəllifi Ziqmund Freyddir. Freyd düşünür ki, dejavü gördüyümüz yuxuların xatirəsinə şüuraltı reaksiyadır. Yəni yuxuda nə vaxtsa gələcək həyatınızdan bir fraqment görmüsünüz və bu sizin yaddaşınıza həkk olunub. Hadisə gerçək həyatda baş verəndə isə o yaddaş aktivləşir. Nəticədə dejavü yaranır.

Dejavü-keçmiş həyatın izi

Dejavü haqda ən maraqlı fərziyyələrsə mistikanın payına düşür. Bəziləri insanın keçmiş həyatında bu hadisələri yaşadığını bildirirlər. Məsələn, Freydin müasiri Karl Yunq iddia edirdi ki, o, kitabda gördüyü ilüstrasiyaya baxan kimi öncəki həyatında geyindiyi ayaqqabıları görüb xatırlayıb. Hətta dünyaşöhrətli müğənnilər Tina Törner Misirdə, Madonna isə Çinin imperator sarayında öz keçmiş həyatlarına dair fraqmentlər xatırladıqlarını bildiriblər.

Bu fikir tam sübutunu tapmasa da, dejavünün qaranlıq simasına az da olsa işıq tutur.

Hipnoterapevt Dolores Kennon hesab edir ki, ruh başqa bədənə köçəndə yaddaşını da özü ilə aparır. Dejavünün əsas səbəbi də budur.

Dejavü - Yolumuzu işıqlandıran mayak

Dejavü şüurumuzun hadisələr göndərdiyi elektrik impulsudur. O başımıza ilk dəfə gələn hala şüurumuzun göstərdiyi güclü impulsdur. Bu başımıza gələn möcüzədir.

Bəs din dejavü haqda nə deyir?

Bir anlıq "indi və bu an təcrübənizi kürəşəkilli məkanın bir hissəsinə qoyun. Fərz edin ki, bu kürənin içərisi sizin keçmiş və gələcək yaddaşlarınızla doludur. İndi bu kürənin tam mərkəzində durub, ətrafı seyr edin. Bu nöqtədən ərtafa baxın. Görürsünüzmu, baş vermiş, hazırda olan və gələcəkdə həyata keçə biləcək hadisələr dair nə qədər mülahizələriniz və fikirləriniz var. Bunu əsas gətirsək, bəlkə də dejavünün səbəbini tapa bilərik. Ola bilsin ki, şüuraltı bu anı nə vatsa, xəyal edib, necə baş verəcəyinə dair planlar qurmuşuq, nə bilmək olar?!

Şurumuzla baş verən bu qəribə hal göstərir ki, insanın mənəvi dünyası olduqca zəngin və əsrarəngizdir. Dejavüyə pozitiv yanaşsaq, belə qənatə gəlmək olar: biz doğru yolda və məkandayıq ki, şüurumuz bu halın təkrarlandığının siqnalını verir. (Publika)