SON XƏBƏRLƏR
16 Avqust 2018
15 Avqust 2018
İsrafın müxtəlif nümunələri mövcuddur
CƏMİYYƏT 19:56 / 22.07.2018
Allah Quranda buyurur:

"Yeyin-için, lakin israf etməyin, çünki (Allah) israf edənləri sevməz!" ("Əraf" surəsi, ayə: 31)
İsraf çox geniş anlayışdır. Belə ki, hər növ ifratçılığı (kəmiyyətdə, keyfiyyətdə), vaxt itirməni və s. əhatə edir. Bu, Quranın özünəməxsus üslubudur. İlahi nemətlərdən istifadəyə səsləyərkən sui-istifadələrin qarşısını almaq üçün dərhal mötədilliyini tövsiyə edir. ("Təfsiri-nümunə", c.6, səh.147)

Unikal.org maide.az-a istinadən bildirir ki, bəzi təfsirçilər burada dörd termin haqqında söhbət açmışlar.

1. "Təqtir" (yaşam üçün zəruri şeylərdən istifadəyə etinasızlıq göstərmək. Bu Allahın qəzəbinə səbəb olan xüsusiyyətdir).
2. "Təbzir" (öz malını ağıla müvafiq olmayan, şəriətə zidd məqsədlər uğrunda xərcləmək. Bu, haramdır).
3. "İqtisad" və ya etidal (öz malını ağıla müvafiq və şəriətə uyğun məqsədlərə mötədil şəkildə xərcləmək. Bu, tərifəlayiqdir).
4. "İsraf" (istifadədə ifratçılığa yol vermək). Quran ayələri israfçılığı məzəmmət etmişdir. "(Allah) israf edənləri sevməz!" ayəsi də bu qəbildəndir. Allahın sevgisinin yoxluğu Onun qəzəbi deməkdir. ("Ətyəb əl-bəyan", c.5, səh. 306)
İnsan orqanizminin qida maddələrinə (kalori, zülallar (protein), yağlar (lipid), karbohidratlar, vitaminlər, mineral maddələri və s.) təlabatı (təbii ehtiyacı) yaşa, cinsə və fəaliyyət növünə (işinin xarekterinə) görə fərqlənir. İnsanın qidalanmada mötədilliyi aşması orqanizmin sağlamlığı üçün təhlükəlidir (yəni az və ya çox yemək hər ikisi ziyanlıdır). ("İslam, dərmansız həkim", səh. 307)
İsrafın müxtəlif nümunələri mövcuddur.

Qeydlər:

1. İsraf fərdlərə, zamana görə fərqlənir və müxtəlif şəkillərə düşür. Bəzən eyni anlayış müəyyən şəraitdə bir nəfər üçün israf hesab olunur, digəri üçün isə israf hesab olunmur.
2. İsrafın mənfiliyini hamı fitri və əqli olaraq başa düşür. Deməli, şəriətin israfla bağlı hökmləri "bələdçilik" xarakteri daşıya bilər.

HÖKMLƏR
1. Yol gedərkən yemək məkruhdur.
2. Çox yemək məkruhdur.
3. Çox su içmək məkruhdur.
4. Üç növ israf daim haramdır:
Birinci: Malı korlayıb yararsız hala salmaq.
İkinci: Maldan bədənə zərər vuracaq məqsədlər üçün istifadə etmək.
Üçüncü: Maldan şəriətdə qadağa qoyulan məqsədlər üçün istifadə etmək.

ELMİ SİRLƏR

Mötədillik hər bir işdə müsbətdir. Qidalanmada mötədillik isə xüsusi əhəmiyyətə malikdir. Quran ümumi şəkildə qidalanmada israfa qadağa qoyur. Müasir profilaktikada buna böyük dəyər verilir. Qida, insan orqanizminin təlabatını təmin edir. Hansı ki, insanın sağlamlığı onun nəticəsində gerçəkləşir. Lakin həmin qidadan istifadədə israfa yol verilərsə, orqanizmin sağlamlığı təhlükəyə düşər və müxtəlif xəstəliklər əmələ gələr.
Bəziləri qidalanmada israfın acı nəticələrini aşağıdakı şəkildə sıralamışlar.
1. Həzm sisteminin pozulması və mədənin genişlənməsi.
2. Mədənin həddindən artıq böyüməsi (genəlməsi - bu, çox təhlükəli xəstəlikdir. Əgər vaxtında müalicə olunmazsa ölümlə nəticələnə bilər).
3. Qastrit (mədənin selikli qişasının iltihabı).
4. Ürək göynəməsilə müşayiət olunur.
5. Çox yemək xəstəliktörədici mikrob və virusların qida maddələri vasitəsi ilə mədə-bağırsaq yolunda bağırsaq divarından qana və limfaya (eləcə də digər hissələrə) sorulması nəticəsində vəba, qarın yatalağı və s. xəstəliklər törəyir. Çünki qidanın çoxluğu nəticəsində qəbul edilən (mədəyə yığılan) qida turş mədə şirəsi ilə qarışıb, şirəni özünə hopdura bilmədiyi üçün həzm prosesi düzgün getmir (adətən qidanın tərkibindəki virus və mikroblar mədə şirəsi vasitəsi ilə məhv edilir).
6. Mədənin zədələnməsi ehtimalı böyükdür.
7. Piylənmə ilə orqanizmdə artıq piy toxumasının yığılması müşayiət olunur (piylənmədə irsi amillərin də rolu böyükdür).
8. Dişin çürüməsi. Qənnadi məmulatlarından həddən artıq istifadə olunduqda baş verir.
9. Ateroskleroz (ürək-damar sistemində bərkimə xəstəliyi).
10. Podaqra (oynaq və toxuma xəstəliyi). Uzun müddət bir növ qida məhsullarından (ətdən) istifadə nəticəsində yaranır.
11. Nefrolitiaz (böyrəkdaşı və ya sidikdaşı xəstəliyi).
12. Həddən artıq çox yemək psixi pozuntularla da müşayiət olunur. Misal üçün iradənin zəifləməsi, yatağanlıq, son dərəcə tənbəllik, cinsi tələbatın insanı heyvana çevirməsi və s.
13. Ehtiras və tamahdan doğan çoxyemə məhrumiyyətdən qaynaqlanır. Bəzən sonsuz həzz almaq və ya digərlərini təqlid etmək hissindən də doğur. Qadınlarda isə bir çox hallarda instinktiv olaraq hamiləlik dövründə (ağız dadının azması - yerikləmək nəticəsində) baş verir. ("Quranda təbabət", səh.137-140)
14. İfrat dərəcədə ət yemək aşağıdakı xəstəlikləri törədir:
Şəkər diabeti, apendisit, bağırsaq vərəmi, xərçəng, apopleksiya (beyinə qan sızması nəticəsində iflic), ateroskleroz (ürək-damar sistemində bərkimə xəstəliyi), qanın tərkibində xolesterinin çoxalması və nəticədə vaxtsız qocalma, podaqra (oynaq və toxuma xəstəliyi). ("Hökmlərin fəlsəfəsi", səh. 317)
Bəzi təfsirçilər yazırlar:
"Fikrimizcə ayədə çox mühüm gigiyenik məsələyə toxunulmuşdur ("Yeyin-için, lakin israf etməyin"). Bu, ilk baxışdan sadə görünsə də bu gün artıq mühüm bir gigiyenik tədbir olduğu sübuta yetirilmişdir. Artıq, alimlərin tədqiqatları göstərir ki, bir çox xəstəliklər orqanizmdə tam sorula bilməyən qida maddələrindən törəyir." ("Təfsiri-nümunə", c.6, səh.152)
Doktor Seyid əl-Cəmili Əraf surəsinin 31-ci ayəsini qeyd edərək Quranın xərçəng xəstəliyinin (konserin) müalicəsini və ya profilaktikasını verdiyini iddia edir. O, yazır: "Gün ərzində 35 və daha çox siqaret çəkmək ağ ciyər xərçəngi törədir. Halbuki Quran israfa qadağa qoymuşdur." ("Quranda tibbi ecazkarlıq", səh.146)
Doktor Sadiq Əbd ər-Rza Əli də məlum ayəni izah edərkən qidalanmada israfdan yaranan xəstəliklər haqqında söhbət açmışdır. ("Quran və yeni tibb", səh.110-115)
Əbd ər-Rəzzaq Nofel məlum ayəni şərh edərkən bütün tibb elminin bu ayədə xülasə olduğunu bildirir. ("Quran və yeni tibb", səh.110-115)

YEKUN

1. Qidalanmada ümumi bir qanun göstərmək Quranın elmi məsələlərindən biridir və insanın sağlamlığında mühüm rola malikdir. Bu, eyni zamanda Quranın möcüzələrindən də hesab oluna bilər. Çünki Quran bu məsələni elə bir dönəmdə, elə bir şəraitdə açıqlamışdır ki, hamı acı nəticələrindən xəbərsiz halda çox yeməyə meyilli idi. Lakin tibb elmi inkişaf etdikcə bu hökmlərdə yatan elmi sirlərin üstü açılmağa başladı.
2. Qeyd olunan gigiyenik ziyanlar sözügedən hökmün tam səbəbi deyil. Hələ bizə bəlli olmayan digər səbəblər də ola bilər.
3. Qeyd olunan bir çox xəstəliklərin (nefrolitiaz və.) tam səbəbi çox yemək deyil. Çox yemək sözügedən xəstəlikləri törədən amillərdən yalnız biridir. Bütün bu xəstəliklərin qidalanmada israfla əlaqələndirilməsi mübaliğədir.