Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərov Ermənistanın sabiq prezidenti Robert Köçəryanın həbsinə münasibət bildirib.

Unikal.org xəbər verir ki, B.Səfərov "Ölkə.Az"a açıqlamasında deyib ki, artıq Xocalı qatillərindən biri olan Robert Köçəryan da cəzalandırılıb:

"Ermənistanın Robert Köçəryanı cəzalandırması bizim cəzalandırmağımız kimi bir şeydir. Bu bir daha göstərdi ki, günahsız insanların qanı heç zaman yerdə qalmır. Azərbaycan dövlətinin apardığı siyasətin də əsas məqsədi odur ki, xalqımıza zülm verən adamlar cəzalarını alsınlar. Robert Köçəryan da bunlardan biri idi".

İcma rəhbəri qeyd edib ki, erməni xalqı artıq ayılıb, ağı-qaradan seçməyi bacarır:

"Erməni xalqı ayılıb görür ki, Robert Köçəryan kimi cinayətkarlar təkcə Azərbaycan əhalisinə deyil, erməni əhalisinə də zülm edib. Erməni xalqı Azərbaycan dövlətinin öz əhalisinin göstərdiyi böyük diqqət və qayğı ilə yanaşı özlərinin pis vəziyyətdə yaşamasını da görür və dərk edir. Bu gün Azərbaycan prezidentinin apardığı uğurlu siyasət bütün dünyada qəbul olunur. Bunun nəticəsidir ki, Azərbaycan xalqının bu günü və sabahı parlaqdır, insanlarımızda öz prezidentinə böyük inam və dəstək var. Ancaq Ermənistanda bu yoxdur. Azərbaycan bütün dünya ölkələri arasında sayılıb-seçilir, böyük nüfuza malikdir. Təbii ki, erməni xalqı bunu yaxşı görür. Ona görə də erməni əhalisi məqam düşən kimi ona zülm verən siyasətçilərini cəzalandırmaq istəyir".

B.Səfərov Robert Köçəryanın Azərbaycan məhkəmələri qarşısında da mühakimə olunmasını arzu etdiyini söyləyib:

"Çox istəyirəm və arzu edirəm ki, Azərbaycan xalqına zülm və işgəncələr vermiş bütün cinayətkarlar Azərbaycan tərəfindən də layiqli cəzasını alsınlar. Bu bütün xalqımızın istəyidir".

Xatırladaq ki, iyulun 28-də paytaxt Yerevanın Şenqavit Rayon Məhkəməsi Ermənistanın keçmiş prezidenti Robert Koçaryan barəsində həbs qətimkan tədbiri seçib. Ona qarşı 2008-ci il martın 1-dəki hadisələrə dair cinayət işi çərçivəsində ölkənin konstitusion quruluşunu devirməsi ittihamı irəli sürülüb.