Xəbər verdiyimiz kimi, dünən Qobustan rayonunun Poladlı kəndində gəlin- Siyatel İbrahimova həyat yoldaşını döyüb, qayınanasına balta ilə xəsarət yetirib. Hadisə nəticəsində hər iki şəxs ağır xəsarət alıb.

Unikal.org baş verən hadisə ilə bağlı yeni təfərrüat əldə edib.1992-ci il təvəllüdlü Siyatel İbrahimova 2014-cü ildə Ağababa Əkbərovla ailə həyatı qurub, onların birgə nigahdan iki azyaşlı övladı var. Sözügedən müddət ərzində ailədə heç zaman münaqişə qeydə alınmayıb. 3-cü uşağa hamilə qalan Siyatel İbrahimova ilə çoban olan həyat yoldaşı arasında münaqişə yaranıb. Bundan bərk sarsıntı keçirən qadın həyat yoldaşı yatarkən gecə vaxtı onun başına dəmir aftafa ilə zərbə vurub. Nəticədə Ağababa Əkbərov baş nahiyəsindən ağır zərbə alıb. Bundan xəbər tutan Ağababanın anası Tahirə Əkbərova Şamaxıdan Qobustana gəlib. Oğluna xəsarət yetirdiyinə görə, gəlinini tənbeh etmək istəyən qaynana bu dəfə özü onun qurbanına çevrilib. Belə ki, gəlin evin mətbəxində ət doğrayarkən qaynanasının ittihamlarına dözməyərək əlindəki balta ilə onun başına zərbə endirib. Qobustan Rayon Mərkəzi xəstəxanasına yerləşdirilən Tahirə Əkbərovanın vəziyyəti ağır olduğu üçün, sonradan o, təcili tibbi yardım maşını ilə Bakıdakı xəstəxanalardan birinə gətirilib.

Famil Fərhadoğlu