Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunları Azərbaycanın UEFA reytinqindəki mövqeyinə təsir göstərməyib.

Unikal.org xəbər verir ki, ölkəmiz bu siyahıda əvvəlki mövqeyində qalıb.

Ötən gün Azərbaycanın avrokuboklardakı təmsilçilərindən "Qarabağ növbəti oyununu keçirdi. Ağdam klubu doğma meydanda Albaniya təmsilçisi "Kukesiyə qalib gəldi - 3:0. Bununla komandamız ölkəmizin hesabında əlavə 0.250 xal yazdırdı. Lakin bu, Azərbaycanın irəliləməsi üçün yetərli olmayıb.

Hazırda UEFA reytinqində 55 ölkə arasında 23-cü pillədəyik. Azərbaycanın hesabında 18.125 reytinq xalı var. Onun 1.500 (0.750 "Qarabağ, 0,250 "Neftçi, 0,250 "Keşlə, 0,250 "Qəbələ) xalı cari mövsümdə qazanılıb.

Onu da əlavə edək ki, klublarımızın təsnifat mərhələsindəki istənilən qələbəsi Azərbaycana 0.250 reytinq xalı qazandırır. Heç-heçə isə 0.125 xal verir. Qrup mərhələsində heç-heçə 0.250, qələbə 0.500 xalla qiymətləndirilir.