Qida Təhlükəsizliyi Agentliyi Azərbaycan ərazisinə başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədi ilə əhaliyə xəbərdarlıq edib.

Agentlikdən unikal.org-a verilən məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən Gürcüstanın Samtsxe-Cavaxetiya regionunda qaramalda nodulyar dermatit xəstəliyinin yayılması müəyyən edilib.

Bununla əlaqədar olaraq bu ölkədən qaramalın idxalı ilə bağlı müraciət edən hüquqi və fiziki şəxslər tərəfindən Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının müvafiq tələbləri nəzərə alınmalıdır.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi üçün Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Gürcüstanın Samtsxe-Cavaxetiya regionundan gələn və ya həmin ərazidən tranzit keçən nəqliyyat vasitələrinin gömrük keçid məntəqələrində dezinfeksiya edilməsi ilə bağlı Azərbaycan Dövlət Gömrük Komitəsinə aidiyyatı üzrə müraciət olunub.