Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 8-də ölkəmizdə yeni təyin olunmuş bir sıra ölkələrin səfirlərinin etimadnaməsini qəbul edib.

Unikal.org xəbər verir ki, İlham Əliyev avqustun 8-də Bəhreyn Krallığının ölkəmizdə yeni təyin olunmuş səfiri Ebrahim Yusuf Al-Abdullanın etimadnaməsini qəbul edib.

Səfir Ebrahim Yusuf Al-Abdulla fəxri qarovul dəstəsinin qarşısından keçib.

Ebrahim Yusuf Al-Abdulla etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Dövlət başçısı Azərbaycan ilə Bəhreyn arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini bildirib. Prezident İlham Əliyev Ebrahim Yusuf Al-Abdullanın səfirlik fəaliyyəti dövründə Azərbaycanın müxtəlif qurumlarının rəhbərləri ilə görüşəcəyinə və bu görüşlərin yaxşı nəticələr verəcəyinə əminliyini ifadə edib.

Ebrahim Yusuf Al-Abdulla Bəhreynin Kralı Həməd bin İsa Al Xəlifənin salamlarını və xoş arzularını dövlət başçısına çatdıraraq qeyd edib ki, Bəhreyn Krallığında Azərbaycan xalqının Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə son illər əldə etdiyi uğurlar böyük maraqla izlənilir.

Səfir Ebrahim Yusuf Al-Abdulla iki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsinin zəruri olduğunu bildirib, eyni zamanda, mədəni əlaqələrin inkişafının da önəmli olduğunu qeyd edib.

Azərbaycan ilə Bəhreyn arasında bir çox oxşar məqamların olduğunu bildirən səfir vurğuladı ki, hər iki ölkə öz müstəqilliyinin, ərazi bütövlüyünün möhkəmkləndirilməsi, eyni zamanda, sivilizasiyalararası dialoqun təşviqi, sülh və əmin-amanlıq şəraitində yaşaması üçün bütün dünyada səylər göstərir.

Ebrahim Yusuf Al-Abdulla qeyd etdi ki, Azərbaycan Prezidenti və Bəhreyn Kralının əlaqələrimizin inkişafı ilə bağlı göstərdiyi siyasi iradə ikitərəfli münasibətlərimizin inkişafı üçün yaxşı zəmin yaradır və beynəlxalq ictimaiyyətin bizim ölkələrimizə böyük etimadı var.

Səfir onu da bildirdi ki, Azərbaycan postsovet məkanında, Bəhreyn isə Yaxın Şərqdə aparıcı maliyyə mərkəzlərindən biridir və bu, iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yaxşı zəmin yaradır.

Dövlətimizin başçısı siyasi əlaqələrin inkişafı üçün geniş imkanların olduğunu qeyd edərək ölkələrimizin beynəlxalq təşkilatlarda bir-birini müxtəlif məsələlər, o cümlədən ölkələrimizin suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü məsələlərində dəstəklədiyini, BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər qurumlarda həmrəylik göstərdiyini məmnunluqla qeyd etdi. Prezident İlham Əliyev Azərbaycanın İslam həmrəyliyi işinə böyük töhfə verdiyini və bunun İslam Əməkdaşlıq Təşkilatı tərəfindən yüksək qiymətləndirildiyini vurğulayaraq, keçən il ölkəmizdə "İslam Həmrəyliyi İlinin elan olunduğunu və böyük müvəffəqiyyətlə IV İslam Həmrəyliyi Oyunlarının keçirildiyini vurğuladı və qeyd etdi ki, Azərbaycan müsəlman ölkələri arasında birliyin və qarşılıqlı dəstəyin möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəməyəcək. İqtisadi-ticari əlaqələrin, qarşılıqlı ixracatın genişlənməsinin vacibliyinə toxunan dövlətimizin başçısı turizm sahəsində də böyük potensialın olduğunu və Bəhreyndən Azərbaycana gələn turistlərin sayının durmadan artdığını qeyd etdi.

Dövlətimizin başçısı Bəhreynin Kralı Həməd bin İsa Al Xəlifənin salamlarına və xoş arzularına görə minnətdarlığını bildirdi, onun da salamlarını və xoş arzularını Bəhreynin Kralına çatdırmağı xahiş etdi.




Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 8-də Şri-Lanka Demokratik Sosialist Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfiri Məhəmməd Şərif Anisin etimadnaməsini qəbul edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 8-də Şri-Lanka Demokratik Sosialist Respublikasının ölkəmizdə yeni təyin olunan səfiri Məhəmməd Şərif Anisin etimadnaməsini qəbul edib.

Səfir Məhəmməd Şərif Anis fəxri qarovul dəstəsinin qarşısından keçib.

Məhəmməd Şərif Anis etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Dövlət başçısı Azərbaycan ilə Şri-Lanka arasında çox yaxşı siyasi əlaqələrin mövcud olduğunu bildirərək beynəlxalq təşkilatlarda ölkələrimizin bir-birini dəstəkləməsindən məmnunluğunu ifadə edib.

İqtisadi sahədə əlaqələrin inkişafının önəmini qeyd edən dövlət başçısı bunun üçün yaxşı potensialın olduğunu bildirib. Prezident İlham Əliyev Məhəmməd Şərif Anisin səfirlik fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin daha da möhkəmləndirilməsi istiqamətində vəzifələrin müəyyənləşdirilməsi üçün Azərbaycanın müvafiq qurumları ilə səmərəli görüşlər keçirəcəyinə və qarşılıqlı səfərlərin təşkil olunacağına əminliyini bildirib.

Məhəmməd Şərif Anis Şri-Lanka Prezidenti Maytripala Sirisenanın və Şri-Lankanın Baş nazirinin salamlarını dövlət başçısına çatdırıb. Səfir ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə inkişaf etdirilməsinin önəminə toxunaraq ticarət və sənaye sahələrində əlaqələrin genişlənməsi üçün səylərini əsirgəməyəcəyini deyib.

Azərbaycanın regionda ən gözəl turizm məkanlarından biri olduğunu qeyd edən səfir bu sahədə Şri-Lanka ilə Azərbaycan arasında əməkdaşlığın qurulması üçün geniş imkanların olduğunu bildirib. Səfir eyni zamanda qarşılıqlı investisiya sahəsində imkanların araşdırılmasının zəruriliyini qeyd edib.

Prezident İlham Əliyev Məhəmməd Şərif Anisin ölkələrimiz arasında dostluq münasibətlərinin inkişafına öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirib.

Dövlət başçısı İlham Əliyev Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti Maytripala Sirisenanın və Şri-Lanka Baş nazirinin salamlarına görə minnətdarlığını bildirib və onun da salamlarını Şri-Lanka Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş edib.




Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 8-də Koreya Xalq Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfiri Kim Hen Cunun etimadnaməsini qəbul edib.


16:56