Fövqəladə Hallar Nazirliyində Bakı şəhərinin Baş Planının müzakirəsi məqsədilə görüş keçirilib.

Bu barədə unikal.org-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə fövqəladə hallar nazirinin müavinləri - tibb xidməti general-leytenantı Faiq Tağı-zadə, general-leytenant Ragim Lətifov, Orucəli Hacıyev, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Aparatının rəhbəri Anar Quliyev, "The Boston Consulting Group" şirkətinin ekspertləri və Nazirliyin strukturuna daxil olan qurumların rəhbər şəxləri iştirak ediblər.

Görüşdə Bakı şəhərinin Baş Planının hazırlanması prosesinin beynəlxalq standartlara uyğun təşkil edilməsi istiqamətində hərtərəfli işin aparıldığı bildirilib, bu sənədin hazırlanması və reallaşdırılmasında müvafiq dövlət qurumları, eyni zamanda Fövqəladə Hallar Nazirliyi ilə koordinasiyalı fəaliyyətin vacibliyi diqqətə çatdırılıb. Müzakirələrdə, həmçinin tikintidə təhlükəsizlik normalarına və yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasının, ümumiyyətlə əhalinin fövqəladə hadisələrdən mühafizəsinin əhəmiyyətindən söz açılıb.

Görüşdə sözügedən məsələlər ətrafında fikir mübadiləsi aparılıb, mövcud əməkdaşlığın perspektivləri müzakirə edilib.