"Onlar qol vurmalıdırlar. "Qarabağ hücumda yaxşı legionerləri olan usta komandadır. Rəqibin ilk dəqiqələrdən yüksək templə çıxış edəcəyini gözləyirik.

Unikal.org-un məlumatına görə, bunu Belarusun BATE komandasının baş məşqçisi Aleksey Baqa UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağla cavab oyunundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.
37 yaşlı mütəxəssis evdə keçirəcəkləri qarşılaşma ərəfəsində heyətdəki itkilərdən də söz açıb. O, bildirib ki, Nikola Vasileviç və Slobodan Simoviç ciddi zədədən sonra cavab qarşılaşmasına hazırlaşmırlar: "Digərləri isə məşq edirlər. Əlbəttə, səfərdə çox çətin oyun keçirdik. Ona görə də bəzi futbolçularda xırda xəsarətlər var. Lakin bu, uşaqların oynamasına mane olmayacaq.
Baş məşqçi Mixail Qordeyçukun da durumuna aydınlıq gətirib. O, 28 yaşlı hücumçuya tam olaraq ümid edə bilmədiklərini gizlətməyib: "Zədə ona məşq etməyə imkan versə də, ağrıları var. Məhz bu səbəbdən, ona yüz faiz ümid edə bilmərik. Qordeyçuk qəhrəmanlıq göstərib həkimlərin icazəsi ilə meydana çıxa bilər. Amma biz insanın sağlamlığı ilə risk edə bilmərik. O, hazırlaşır. Oyun saatında durumuna baxacağıq.
Qeyd edək ki, avqustun 14-də keçiriləcək BATE - "Qarabağ oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Belarus təmsilçisi ilk matçda Bakıda qalib gəlib - 1:0.