Azərbaycanlı dünya çempionu və mükafatçılarının maraqlı videosu yayılıb.

Unikal.org-un əldə etdiyi videoda 1995-ci ildə Kiyevdə keçirilən Kikboksun WAKO üzrə Dünya Çempionatından görüntülər yer alıb.

Həmin yarışda Azərbaycan idman tarixində ilkə imza atıb. Belə ki, kikboksun WAKO üzrə Dünya Çempionatında ilk qızıl medalı Roman Tağıyev qazanıb.



Həmin görüntülərlə bağlı Əməkdar məşqçi, Əməkdar İdman Xadimi Azər Həsənsoy Unikal.org-a danışıb:

"1995-ci ildəki kikboks üzrə Dünya Çempionatına 4 idmançı ilə yollanmışdım. Əli Orucov, Gündüz Məmmədov, Ceyhun Şadlinski və Roman Tağıyev idi.

75 kq çəki dərəcəsində çıxış edən C. Şadlinski 3-cü yer, 81 kq-da isə R.Tağıyev birinci yeri tutdu. Yəni Azərbaycanın kikboks üzrə ilk dünya çempionu Roman Tağıyevdir.

Həmin Dünya çempionatında Roman Tağıyev 5 görüş keçirib. Həmin görüşlərdən birini nokautla qazanıb.

Azərbaycan Uşu, Azərbaycan Muaytay-Tayboks Federasiyalarının Prezidenti Kiyevdə keçirilən dünya çempionatında Azərbaycana qarşı təxribatdan və ona sərt reaksiya veməsi haqqında da məlumat verib:

"Roman Tağıyev fəxri kürsünün ən yüksək pilləsinə qalxarkən himnimiz səsləndirilməli idi.

Gördüm ki, himnimizi səsləndirmirlər. (görüntülərdən də görünür ki, Azər Həsənsoy buna etiraz olaraq yüksək səslə R.Tağıyevə kürsüdən düşməməsini deyir).

Mən də cəld səs texnikalarının olduğu yerə doğru getdim. Orada dayanan yaşlı bir kişi idi. Soruşdum ki, niyə Azərbaycan himnini düzgün səsləndirmirsiniz? Bu zaman danışığından hiss etdim ki, ermənidir. Bu zaman bəhanə gətirdi ki, səhv salıb. Həmin an bir dəqiqəlik fasilə oldu. İdmançılar kürsüdə dayanıb, medallar boyunlarından asılıb birinci yeri tutan idmançının ölkəsinin himninin səsləndirilməsini gözləyir. Həminn yaşlı kişi guya axtarış etdi və tapa bilmədi. Mən də əsəbdən onun avadanlığına zərbələr endirdim.

Daha sonra idmançılarla birlikdə özümüz ölkəmizin himnini oxumağa başladıq.

Təbii ki, buna görə etirazımı bildirdim, müraciət də etdim. Mənə dedilər səhv düşüb. Bu qələbə sevincində demək olar özümdə deyildim. O an həyəcan vardı. Sadəcə aparatların qarşısında dayanana və himnimizin səslənməməsi məni həddən artıq əsəbləşdirmişdi, əhvalımı korlamışdı.

Aygün İlqarqızı