REAL Partiyasının sədri İlqar Məmmədov 5 il 6 aydan sonra bu ilin avqust ayının 13-də azadlığa buraxıldı. Məhkəmə onun cəza müddətinin qalan hissəsinin 2 il sınaq müddəti ilə əvəzlənməsi və ölkədən çıxışına qadağa qoyulması ilə şərti cəza barədə qərar qəbul etdi. Bu arada ölkədə fəaliyət göstərən radikal müxalifət liderləri və nümayəndələri onun azad olunmasını müxtəlif səbəblərlə bağlayırlar. Onun bundan sonrakı fəaliyətində daha aktiv olacağı ilə bağlı bu və ya digər bənzər fikirlər səsləndirirlər.

Yeni Azərbaycan Partiyasının İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə Unikal.org-a müsahibəsində İlqar Məmmədovla bağlı səsləndirilən fikirlərəbir aydınlıq gətirib.

- REAL Partiyasının sədri İlqar Məmmədov avqustun 13-də azadlığa buraxıldı. Bir sıra beynəlxalq təşkilatlar, ölkələr o, cümlədən ABŞ Dövlət Departamenti onun azadlığa buraxılmasını alqışladılar. Öncə bu məsələyə münasibətinizi bilmək istərdik...

-İlqar Məmmədov azadlığa buraxılan yüzlərlə, minlərlə məhkumlarımızdan biridir. Azərbaycan üçün ayrıca bir İlqar Məmmədov məsələsi yoxdur. Vaxt aşırı məhkəmələrimizdə bu və ya digər məhkumun işinə baxılır. Nəticədə məhkumun cəzası azaldılır, azadlığa buraxılır ya da başqa qərarlar qəbul edilir. Bu gün Azərbaycan dövləti siyasi əqidəsindən və törətdiyi əməldən aslı olmayaraq bütün vətəndaşlarına eyni münasibət göstərir. Onların hüquqlarının qorunmasına, məhkumdursa onların tezliklə ailələrinə qayıtmalarında və cəmiyyətə sosial inteqrasiya olunmasında maraqlıdır. Göründüyü kimi, İlqar Məmmədovun hüququqlarının qorunmasına ilk növbbədə Azərbaycan dövləti özü səy göstərib. O, azadlığa çıxdıqdan sonra ayrı-ayrı dövlətlərin reaksiya verməsinə biz normal baxırıq. Azərbaycan açıq cəmiyətdir. Bu baxımdan cəmiyətimizdə gedən prosseslərə hansısa ölkənin münasibət bildirməsi normal bir haldır. Əgər bu məsələlər bizim daxili işlərimizə qarışmaq cəhdi kimi görünmürsə, ayrı-ayrı məsələlər xarici ölkələrin siyasətində və cəmiyətin müzakirələrində kifayət qədər müzakirə edilə bilər.

-Radikal müxalifət liderləri və nümayəndələri İlqar Məmmədovun rəhbəri olduğu REAL Partiyasına dəstək olacaqlarını açıqlayırlar. Sizcə həqiqətənmi bu dəstək olacaq?

-Birincisi Azərbaycanda müxalifətin, onun konstruktiv və yaxud radikal olmasından aslı olmayaraq sosial bazası zəifdir. Siyasətin bir qızıl qanunu var. Əgər iqtidar işləyirsə bu zaman müxalifətin sosial bazası zəif olur. Aydın məsələdir ki, ayrı-ayrı ənənəvi müxalifət liderləri öz zonasında yeni bir iddiaçının olmasında maraqlı deyil. Çünki, bu iddiaçı güclü iqtidardan deyil, məhz müxalifətin sosial bazasından öz tərəfdarlarını qoparacaq. Buna görə də, İlqar Məmmədovun həbsinin şərti cəza ilə azadlığa buraxılması müxalifət liderlərini narahat edir. Buna görə də müxtəlif versiyalar irəli sürürlər. Onun azadlığa çıxma məsələsinə kölgə salmağa və qısqanclıqla qarşılamağa çalışırlar. Belədə isə İlqar Məmmədovun bundan sonra hansı fəaliyətlə məşğul olması onun şəxsi işidir. Azərbaycan konstitusiyası və qanunları çərçivəsində istənilən vətəndaş o cümlədən İlqar Məmmədovda müxtəlif sahədə fəaliyət göstərə bilər.

- Həmçinin sözügedən tərəflər İlqar Məmmədovun azadlığa çıxmasını beynəlxalq qurumların Azərbaycana hökumətinə təzyiqi kimi də qiymətləndirirlər. Sizcə həqiqətənmi bu belədir?

-Əlbəttə ki, İlqar Məmmədov dövlət hakimiyətinin bir qolu olan məhkəməsi tərəfindən azad edilib. Yəni, bunu ayrıca bir əlahidə məsələ kimi izah etmək düzü qəribə görünür. Digər tərəfdən isə İlqar Məmmədovda bizim vətəndaşımızdır. Onun da öz hüuquqları var. Həbsdə olmasına baxmayaraq o da həbsinin azaldılması və yaxud şərti cəza ilə azadlığa buraxılması üçün müraciət edə bilər. Məhkəmə tərəfindən də onun bu hüququna da hörmətlə yanaşıldı. Bu gün o, digər Azərbaycan vətəndaşları kimi sərbəst şəkildə yaşayır. O başqa məsələ ki, bu gün müxalifətin müəyyən qanadları İlqar Məmmədov faktorunu sıradan çıxarmağa çalışırlar. Onu öz təsiri altına almağa, yaxuddakı onu yenidən səhv addımlar atmasına səy göstərirlər. Bu gün radikal müxalifət üçün İlqar Məmmədov həbsdə olması daha əlverişlidi. Çünki, belə olduğu halda onların sosial bazasına göz dikəcək bir rəqiblərini sıradan çıxarmış olurlar. Ancaq bu gün proseslər hansısa radikal müxalifət liderinin istəyi ilə deyil, qanun çərçivəsində gedir. Ümumilikdə vətəndaşlarımızın bütün hüquqlarının qorunması Azərbaycan dövlətinin bir nömrəli vəzifəsidir.

Amid Əyyuboğlu