20 Noyabr 2018
21 Noyabr 2018
Arif Qasımov sakinlərlə görüşdü - FOTOLAR
CƏMİYYƏT 10:08 / 17.08.2018
Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov tərəfindən Naxçıvanski küçəsi 88, 90, 92 ünvanlarda yaşayan sakinlərlə növbəti səyyar qəbul-görüş keçirilib.

Unikal.org xəbər verir ki, görüşdə Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, rayonun xidmət sahələrinin rəhbərləri və rayon sakinləri iştirak ediblər.

Səyyar qəbulda Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov rayonun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, rayonda aparılan abadlıq və yenidənqurma işlərindən danışıb. A.Qasımov yerlərdə keçirilən bu cür görüşlərin əhalinin qayğı və problemlərinin yerindəcə öyrənilməsi və operativ həllinə geniş imkan yaratdığını söyləyib.

Sonra sakinlər onları narahat edən məsələlərin həlli ilə bağlı Rayon İcra Hakimiyyətinin başçısına müraciət ediblər. R.Zeynalov, B.Balakişiyev, Ə.Ağayev, A.Əlipaşayev, X.Məmmədova, T.Xəlilov məhəllədə uşaqlar üçün əyləncə qurğularının quraşdırılması, ağacların sulanması, iaşə obyektinin kanalizasiya xəttinin binanın kanalizasiya xəttindən ayrılması, liftlərin dəyişdirilməsi və ya əsaslı təmir olunması, zirzəminin çirkab sulardan təmizlənməsi, E.Süleymanov küçəsi boyunca marşrut xəttinin açılması kimi məsələləri diqqətə çatdırıblar.

Qəbulda qaldırılan məsələlər dinlənilərək sakinlərə müvafiq izahatlar verilib, mövcud problemlərin həlli üçün rayon rəhbəri tərəfindən əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.