Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev "Caspian European Clubun sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyevin rəhbərliyi ilə klubun idarə heyətinin üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib.

Komitədən unikal.org-a verilən məlumata görə, görüşdə təşkilatlar arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsi imkanları, ölkədə şəhərsalma və tikinti sahəsinin perspektiv inkişafı istiqamətləri vəqarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

S.Nuriyev qurumun qısa- və uzunmüddətli hədəfləri, görülən işlər barədə məlumat verib və qeyd edib ki, ölkədə şəhərsalma fəaliyyətinin təşkili Prezident İlham Əliyevin xüsusi diqqət mərkəzində saxladığı məsələlərdən biridir. Onun sözlərinə görə, dövlət başçısının Komitə qarşısında qoyduğu başlıca vəzifələrdən biri bu prosesin planlı, sistemli və şəhərsalma qanunvericiliyinə uyğun təşkil edilməsidir.

İş adamlarını bu sahədə açıq dialoqa və qarşılıqlı səmərəli əməkdaşlığa dəvət edən cənab Samir Nuriyev, mühüm sosial-iqtisadi əhəmiyyətə malik olan tikinti sektorunun davamlı inkişafında özəl sektorun böyük rolunun və məsuliyyətinin olduğunu vurğuladı, Komitənin cavabdehlik dairəsinə aid olan layihələrlə bağlı "Caspian European Clubun üzvlərinin təkliflərinin öyrənilməsinin vacibliyini qeyd edib.

Göstərilən diqqətə və "Caspian European Clubla sıx əməkdaşlığa görə Komitə sədrinə minnətdarlığını bildirən T.Əliyev, ikitərəfli əməkdaşlığın şəhərsalma və tikinti sahəsində problemlərin həllinə töhfə verəcəyinə, habelə iş adamları ilə davamlı dialoqun, məlumat və təcrübə mübadiləsinin təşkili ilə bağlı təmsil etdiyi özəl sektorun hər cür səy göstərəcəyinə inandığını bildirib.

Görüş çərçivəsində aparılmış fikir mübadiləsinin yekununda, tikinti sahəsində mövcud çağırışların operativ müzakirəsi və həlli yollarının müəyyənləşdirilməsi məqsədilə "Caspian European Clubun, "Caspian American Clubun və "Caspian Asian Clubun üzv şirkətlərinin və Komitənin məsul əməkdaşlarının təmsil olunacağı daimi işçi qrupun yaradılması barədə razılıq əldə olunub.