"Prezident İlham Əliyev Fatimeyi Zəhra məscidini şəxsi vəsaiti hesabına tikdirmək istəyir. Məhərrəm ayından sonra prosesə başlanılacaq".

Unikal.org xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QİM) sədri şeyxülislam Allahşükür Paşazadə deyib.

Qanvermə aksiyası barədə təəssüratlarını bölüşən A.Paşazadə bildirib ki, bu gün ədalətin bərpa olunduğu və şəhidlərin yad edildiyi günüdür: "Qanvermə aksiyası gözəl ənənədir. Biz qan verməklə başqalarına can verir, İmam Hüseynin vəsiyyətinə əməl edirik".

QMİ-nin Məhərrəm ayı ilə bağlı fətvasının olduğunu xatırladan şeyxülislam vurğulayıb ki, həmin fətvanın tələblərinə riayət olunmalıdır: "Dindarları fətvaya əməl etməyə çağırıram. Aşura günündə baş yarmaq, zəncir vurmaq və qan çıxarmaq olmaz, buna heç İmam Hüseyn də razı olmazdı. Kimlərsə bizim qəbul etdiyimiz fətvaları məhdudiyyət kimi təqdim edirlər. Amma Azərbaycan dövləti dindarlar üçün bərabər şərait yaradıb".

O əlavə edib ki, son dövrlər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə QMİ arasında heç bir münaqişə nöqtəsi yoxdur.