Unikal.org-un suallarını Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov cavablandırıb:

- Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən mərasimləri necə qiymətləndirirsiniz?

- Parlamentimizin 100 illiyi təntənəli şəkildə qeyd edildi. 60-dan çox ölkənin rəsmi nümayəndələri, eləcə də parlament sədrləri, beynəlxalq təşkilatların rəhbərliyi səviyyəsində təmsilçilik vardı, vitse-spikerlər, komitə sədrləri, parlamentlərarası dostluq qrupunun rəhbərləri bu mötəbər tədbirə qatıldı. Parlamentin 100 illiyi Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci ili "Azərbaycan Xalq Cümhuriyyəti İli elan etməsi çərçivəsində keçirilən silsilə tədbirlərin davamı idi. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin bu il 100 ili tamam olur. Həm ölkə daxilində, həm də xaricində və ayrı-ayrı bölgələrimizdə həmin illərdə yaradılmış müxtəlif qurumların, universitetlərin, parlamentin yubileyi ən yüksək səviyyədə keçirilir. İlin sonuna qədər bu proses davam edəcək. 28 May günü ilə əlaqədar təntənəli tədbirlər keçirildi, Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə sentyabrın 15-də Bakı şəhərinin işğaldan azad olunmasının 100 illiyi qeyd edildi. Bütün bunlar bir daha göstərir ki, Azərbaycan dövləti və prezidenti öz tarixinə sahib çıxır. Cənab prezidentin qətiyyətli mövqeyi bütün dünya ictimaiyyətinə bəllidir, xalqın milli maraqları çərçivəsində həm Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, həm də ölkəmizin inkişafı ilə bağlı hansı addımlar mümkündürsə, o addımları atır. Prezident parlamentin 100 illiyi ilə bağlı mötəbər qonaqların iştirakı ilə keçirilən təntənəli mərasimdə bəyan etdi ki, Azərbaycanın müstəqillik tarixinin 100 il ömrü var. AXC cəmi 23 ay yaşasa da, müəyyən işlər görülüb və 1991-ci ildən bu yana, xüsusilə xalqın təkidli tələbi ilə Heydər Əliyev parlamentin sədri seçiləndən sonra Azərbaycanın müstəqilliyi daha da güclənməyə başladı. Beləliklə, Azərbaycan dünya miqyasında inkişaf etməkdə olan ölkələr sırasına qoşulub, tamhüquqlu beynəlxalq təşkilatların üzvüdür. İşğala məruz qalsa da, Azərbaycan böyük enerji ölkəsidir, dünya üçün nəqliyyat dəhlizi rolunu oynaya bilən, Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən ölkəyə çevrilib. Bu baxımdan Azərbaycan parlamentinin 100 illiyinin qeyd olunması təqdirəlayiq haldır. Cənab prezident mərasimdəki nitqində həm Cümhuriyyət, həm də müstəqil Azərbaycanın inkişaf tarixi, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vacib fikirlər səsləndirdi.

- Prezident Milli Məclisdəki çıxışında bildirdi ki, deputatlar lazım olan vaxtda Azərbaycanı çox ciddi müdafiə edir, Azərbaycana qarşı əsassız ittihamların hansısa qərarlara gətirib çıxarmasına imkan vermirlər. Bu nöqteyi-nəzərdən parlament diplomatiyasının rolu barədə nə deyə bilərsiniz?

- Azərbaycan parlamenti hələ müstəqilliyimizi əldə etdiyimiz zamanda Milli Şura adlanırdı. O illərdən başlayaraq indiyədək Azərbaycanın müstəqilliyi üçün bir çox addımlar atılıb. 1991-ci ildən sonra Azərbaycan parlamentində müstəqilliyin əldə olunması üçün çalışan kifayət qədər millət vəkillərimiz olub. 1993-cü ildə Heydər Əliyev parlamentin sədri seçildi, ölkəni xarici təhlükələrdən və parçalanmadan xilas etmək üçün bütün səfirlərlə və diplomatik nümayəndəliklərlə var gücü ilə çalışdı. Azərbaycan Prezidenti İlham Əliyev parlamentdə təmsil olunanda AŞPA-da nümayəndə heyətinin rəhbəri kimi bu istiqamətdə xeyli işlər gördü, Mehriban xanım Əliyeva parlament üzvü ikən Heydər Əliyev Fondunun sədri kimi nəhəng işlər həyata keçirdi, geniş xalq kütlələrini əhatə edən 5 amnistiya təşəbbüsü ilə çıxış etdi, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri kimi humanitar sahədə layihələr icra etdi. Parlamentin komitə sədrləri, dostluq qruplarının rəhbərləri ölkəmizi dünyada layiqincə təmsil ediblər. Azərbaycan parlamentinin nümayəndələri yüksək tribunalardan dünya ictimaiyyətinə haqq sözümüzü çatdırır, diplomatik əlaqələrimizin güclənməsi üçün fəaliyyət göstərirlər.

- Yeri gəlmişkən, Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə toxundu və Ermənistandakı mövcud siyasi durum haqda tədbir iştirakçılarını məlumatlandırdı...

- Elə bir tədbir, toplantı yoxdur ki, cənab İlham Əliyev Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həll yolunu göstərməsin. Ölkə başçısı qeyd edir ki, Azərbaycan imzaladığı sülh sazişlərinə sadiqdir, lakin ərazimiz işğal olunub, bu baxımdan Ermənistan öz adı ilə çağırılmalı, işğalçı kimi tanınmalıdır. Azərbaycan prezidentinin Biləsuvar rayonunda ictimaiyyətlə görüşündəki və parlamentdəki son çıxışı Ermənistana növbəti xəbərdarlıq sayıla bilər. Prezident qəti şəkildə bildirdi ki, Ermənistan ağlını başına yığıb işğal etdiyi torpaqlardan çəkilməlidir, əks halda bunun axırı pis olacaq. Hətta nümunə də göstərdi ki, Aprel döyüşləri və Naxçıvanda qısamüddətli əməliyyatlar nəticəsində Azərbaycan ərazisinin xeyli hissəsinin işğaldan təmizlənməsi buna əyani sübutdur. Azərbaycan prezidenti bildirdi ki, 20 il ərzində kriminal xunta rejiminin idarə etdiyi dövlətə uğursuz dövlət adı vermək olar. İndi baş nazir sayılan Nikol Paşinyan da hakimiyyətə tam yiyələnə bilməyib. Orada prezident tamam başqa, Paşinyan isə digər siyasi qüvvələri təmsil edir, parlament isə keçmiş xunta rejiminə rəhbərlik edən Serj Sərkisyanın əlindədir. Məhz bu baxımdan Ermənistanın bu gün kifayət qədər sosial problemləri var, ölkə aclıq, səfalət içərisindədir. Ölkənin mövcud durumundan diqqəti yayındırmaq üçün Paşinyan qorxu içərisində tez-tez Qarabağa gəlməklə həm öz çaşğınlığını, həm də qorxduğunu göstərir. Bəlli olub ki, Paşinyanın psixi durumu da normal vəziyyətdə deyil, Ermənistanda bununla bağlı məsələ qaldırılıb, həkimlər Paşinyanı yoxlamalıdır. Çünki o, ölkəni daha da ağır vəziyyətə sürükləyir. Paşinyan ölkədə rəhbərliyi tam həyata keçirə bilmədiyinə görə narahatdır və bu addımları atmaqla xalqın fikrini Qarabağa yönəldir. Ermənistan əhalisi isə müharibə istəmir. Paşinyanın keçirdiyi mitinqlərdə də görürdük ki, xalq deyirdi bizə nə Qarabağ, nə Sərkisyan, nə də xunta rejimi lazımdır, bizə aclıqdan, səfalətdən qurtulmaq və yeni iş yerləri lazımdır. Məhz bu baxımdan cənab Prezident qeyd etdi ki, kimliyindən asılı olmayaraq ,hakimiyyətə gələn qüvvələr öz işğalçılıq siyasətindən əl çəkməyəcəksə, Ermənistan bundan da ağır vəziyyətə düşəcək. Azərbaycanın artıq səbri tükənib, bu gün beynəlxalq hüquq çərçivəsində öz ərazilərimizii işğaldan azad etmək üçün imkanlarımız var. Azərbaycan Ermənistanın yeni hakimiyyətinə düşünmək üçün zaman vermişdi, münaqişə qısa zamanda ATƏT-in Minsk qrupu və digər beynəlxalq təşkilatlar çərçivəsində öz həllini tapmayacaqsa, Azərbaycan hansı yolla olursa olsun, öz torpaqlarını işğaldan azad edəcək. Cənab Prezident çıxışında çox dəqiq və açıq formada mesajlar verdi ki, ağlını başına yığ, düşün, işğalçılıq siyasətindən əl çək, əks halda səni hansı aqibət gözlədiyini bilməlisən. Bir neçə gün öncə Ermənistan parlamenti Azərbaycana müharibə elan etmişdi və çox layiqli cavablarını aldılar, prezidentin söylədiyi kimi, çətin ki, uzun müddət özlərinə gələ bilsinlər.