Gəncə şəhərində ev və həyətyanı sahəsindən 135 partlamamış hərbi sursat tapılıb.

Bu barədə Unikal.org-a Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) bildirilib.
Belə ki, sentyabrın 23-ü saat 19:06-da Daxili İşlər Nazirliyinin -³102-³ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Gəncə şəhəri, Kəpəz rayonu ərazisində 8 ədəd partlamamış hərbi sursatın tapılması barədə məlumat daxil olub.
Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Gəncə şəhər Baş Polis idarəsinin Kəpəz rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Gəncə şəhər Baş Polis idarəsinin Kəpəz rayon Polis şöbəsi tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə 1 ev və həyətyanı sahəyə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 74 ədəd partlamamış hərbi sursat aşkar olunub, havanın qaranlıq olması ilə əlaqədar olaraq əməliyyat-axtarış tədbirləri 2018-ci il 24 sentyabr tarixində də davam etdirilmiş, nəticədə əlavə olaraq 61 ədəd (cəmi 135 ədəd) partlamamış hərbi sursat aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Partlamamış hərbi sursatların tapıldığı yerin ətrafında 19 400 kv.m (cəmi 19 500 kv.m) əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.