24 Oktyabr 2018
23 Oktyabr 2018
İcra başçılarının sərəncamları ilə bağlı qanuna DƏYİŞİKLİK EDİLİR
SİYASƏT 11:07 / 25.09.2018
Azərbaycan Prezidenti İlham Əliyevin imzası ilə Milli Məclisə dövlət və bələdiyyə torpaqlarının istifadəyə, icarəyə və mülkiyyətə verilməsi ilə əlaqədar rayon (şəhər) İcra Hakimiyyəti başçılarının sərəncamlarının məhkəmələrdə mübahisələndirilməsi məsələsinin tənzimlənməsi məqsədi ilə layihə daxil olub.

Unikal.org-un xəbərinə görə, bununla bağlı "İnzibati İcraat haqqında” qanunda dəyişiklik təklif edilir.

Qanunun 4-cü (Aidiyyət) maddəsinin 3-cü bəndinə əsasən, inzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlərlə bağlı mübahisələr müəyyən olunmuş qaydada subordinasiya baxımından yuxarı inzibati orqan və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış komissiya tərəfindən həll edilir. Dəyişikliklə bəndə yeni cümlə əlavə edilir: "Bu maddə dövlət və bələdiyyə əmlakının istifadəyə, icarəyə və mülkiyyətə verilməsi ilə əlaqədar qəbul edilən inzibati aktların məhkəmələrdə mübahisələndirilməsi hallarına şamil edilmir".

Layihədə bildirilib ki, bir sıra hallarda Əmək Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət və bələdiyyə torpaqlarının istifadəyə, icarəyə və mülkiyyətə verilməsi ilə əlaqədar rayon (şəhər) İcra Hakimiyyəti başçılarının sərəncamlarının mübahisələndirilməsi ilə bağlı qaldırılan iddialara məhkəmələr tərəfindən inzibati orqanlar arasında aidiyyət və səlahiyyətlərlə bağlı mübahisə olması əsası ilə baxılmır. Tədqim edilən layihə həmin problemin aradan qaldırılması üçün hazırlanıb.

Dəyişiklik layihəsi Milli Məclisin oktyabrın 1-də keçiriləcək payız sessiyasının ilk plenar iclasında müzakirəyə çıxarılacaq.