Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş minimum istehlak səbəti üzrə əsas növ ərzaq məhsullarının illik istehlak normalarına əsasən, orta hesabla bütün əhalinin hər nəfəri üçün çörək və çörək məhsulları 126,2 kiloqramdır. Bu statistikaya əsasən, bir azərbaycanlı gün ərzində təxminən 350 qram çörək yeyir.

Unikal.org bildirir ki, tədqiqatçıların bildirdiyinə görə, insan həyatı boyu digər qida məhsulları ilə birlikdə təqribən 15 ton çörək istehlak edir.

Avropada çörəyin ən çoxistifadə edildiyi ölkələrin siyahısına 1 vətəndaşı illik 104,3 kiloqram çörək yeməklə Türkiyə başçılıq edir. 2-ci yerdə adambaşına ildə 95,2 kiloqram çörək tükətməklə Bolqarıstan qərarlaşıb. 3-cü sırada ildə adambaşına 88,9 kiloqram çörək istehlakı ilə Ukraynadır. Yunanıstan illik adambaşına 68 kiloqram çörək tükətməklə 4-cü, Hollandiya 62,1 kiloqramla 5-ci, Fransa 57,1 kiloqramla 6-cı, Almaniya 55,7 kiloqramla 7-ci, Belçika 55, 3 kiloqramla 8-ci, Rusiya 54,8 kiloqramla 9-cu, İtaliya isə 52, 7 kiloqram çörək tükətməklə 10-cu yerdə qərarlaşıb.

Yuxarıda qeyd etdiyimiz statistikayla Azərbaycan illik adambaşına düşən çörək istehlakına görə, bütün Avropa ölkələrini geridə qoyur.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov azərbaycanlıların dünyada ən çox çörək yeyən xalqlar sırasında olduğunu təsdiqləyir:

"Mən bu yaxınlarda ən geridə qalmış ölkələrdə-Taylandda, İndoneziyada, Hindistanda olmuşam. Hansı ki, bu ölkələrdə insanlar hətta küçələrdə yatırlar. Amma orada insanalrın ac qalmamaq üçün çox çörək yediklərinə rast gəlməmişəm. Onlar qida rasionlarında düyüyə üstünlük verirlər.

E.Hüseynov azərbaycanlıların israfçı xalq olduğu qənaətindədir:

"Bizimkilər çörəyi israf edən xalqlar sırasındadır. Çörəyə and içir, "Qurani-Kərimə bərabər tutulduğunu deyir, amma çörəyi zibilə atır.

Hüquq müdafiəçisi qida rasionunda çörək miqdarının minimuma endirilməsini məsləhət görür:

"Əhali bilməlidir ki, hazırkı zamanda çörək insanlara o qədər də xeyirli olmayan bir qidadır. Çünki insanlarda şəkər, ürək-damar xəstəliklərinin yaranmasına və şiddətlənməsinə təsir edir. Eyni zamanda, insanlar arasında daha bir səhv isti çörəyə üstünlük verilməsidir. İsti çörək mədə-bağırsaq sisteminin düşmənidir. Bu problemlər həll olunmalıdır. Çörək soyuq halda və minimum şəkildə istehlak edilməlidir.

Mən özüm son 5 ildə çörəkdən imtina etmişəm. "Qurani-Kərimdə deyilir ki, süfrədən doymamış qalxın, bəziləri isə "çörəksiz yeyəndə doymuram deyir. Səhv də burdadır. Məzh o doymamaq fikri insanları daha çox çörək yeməyə sövq edir.

Bir haşiyə açım: Deməli, 1970-74-cü illərdə Almaniyada hərbi xidmtədə idim. Bir gün komandir bütün alayı yığdı. Gördük ki, bir gündə hərbi hissədən atılan çörəklərdən taya düzəldilib. Bizim hamımızı fərəqət rejimində o tayanın başına fırlatdı. Dedi ki, alaydan bu qədər çörəyin atılması böyük israfçılıqdır. Xristinaların bu hərəkətini hələ də xatirimdən çıxara bilmirəm.(modern.az)