Əməkdar idman ustası, əməkdar məşqçi, 7 dəfə Avropa, 23 qat Dünya çempionu, "Ağ canavar ləqəbli kikboksçu Eduard Məmmədovun tələbəsi Amin Quliyev WAKO versiyasıüzrə dünya çempionu olub.

E.Məmmədov Unikal.org-a müsahibəsində tələbəsi gənc "ağ canavar Amin Quliyev haqqında danışıb.

- Çempion titulunu qazanan tələbəniz haqqında qısa məlumat verərdiniz. Neçə ildir ki, sizin rəhbərliyiniz altında məşq edir?

- Quliyev Amin 4 ildir ki, mənim yanımdadır. 4 il ərzində o 3 dəfə Azərbaycan çempionu olub. Bundan əlavə Amin dəfələrlə turnirlərin qalibi, VPK versiyası üzrə 2 dəfə dünya və Avropa çempionu olub. Sonuncu Azərbaycan çempionatında onun çəkisində 78 idmançı vardı. O da bu çempionatda 7 döyüş keçirərək qalib olmuşdu.

Bildiyiniz kim, WAKO ən güclü versiyadır və 2 ildən bir keçirilir. Bizim də məqsədimiz bu yarışda qalib olmaq idi.

Bu yarış 13-14-15 yaşlılar arasında keçirilirdi. Bilirdim ki, bu çempionat onun üçün çox çətin olacaq. Çünki Aminin 13 yaşı yeni olub və özündən 2 yaş böyük idmançılarla döyüşürdü. Bundan əlavə yarış 42 kq çəki dərəcəsindən başlayırdı. Amma Aminin çəisi 39 kq idi. Nəzərə alsaq ki, yarış öncəsi idmançılar 2-3 kq çəki salır, bu da o deməkdir ki, Amin 45 kq-da olan idmançılarla vuruşub. Döyüşün video görüntüsünü izləsəniz görərsiniz ki, Aminin rəqibləri ondan daha canlı və bir baş üstündür.

- Belə bir nəticə verəcəyini gözləyirdinizmi?

- Əlbəttə, bilirdim ki, o ən azı finala yüksələcək. Çünki hər gün, mütəmadi olaraq güclü məşqlər edirdik.

Son 3 ay isə məşqlər daha da intensivləşdi. Hər kəs yayda istirahət edirdi, o məşq edirdi. Çünki qarşıda məqsədimiz vardı. Nə deyirdim edirdi. Elə olurdu ki, gündə 2 dəfə məşq edirdi.

- Yarışa neçə tələbəniz qatılmışdı?

- Qeyd edim ki, "Euro Fight Club"un baş məşqçisiyəm. Bizim klubun prezidenti Aydın Əhmədov idmançılara böyül diqqət və qayğı göstərir. O idmançılarımızı hər yarışdan sonra mükafatlandırır və dəstək olur. Klubumuzun direktoru Ruslan Quliyev də hər zaman idmançılarla maraqlanır, dəstəyini əsirgəmir.

"Euro Fight Club" adına çıxış edən tələbələrimiz Azərbaycan çempionatında 5 qızıl medal qazanıb. Amma bu yarışa 2 idmançı ilə qatılmışdım. Amin və Səftər idi. Səftər çempionatda italiyalı idmançı ilə düşmüşdü və xal hesabı irəlidə idi. Sadəcə olaraq o mənə qulaq asmadı, öz bildiyini etdi və xal hesabı ilə uduzdu. Amma Amin dediklərimin hamısını etdi və bir birilikdə qələbə qazandıq.

- O da öz ləqəbinizi "ağ canavar ləqəbini vermisiniz. Sizcə o da müəllimi kimi ən titullu idmançı kimi ad qazana biləcək?

- Ona "ağ canavar ləqəbini 2 il bundan öncə vermişəm. Çünki gördüm o çox zəhmətkeş uşaqdır. Həvəslidir və öyrənməyə meyillidir. Əslində onu özümə də oxşadıram. İstər simasında, istərsə də rinqdə döyüş qurmağında...

Döyüşü mənim kimi qurur və ağıllı döyüşür.

Bu ləqəbi ona verəndə bilirdim ki, Amin mənim davamçım olacaq. Vaxt gələcək o çox böyük uğurlara imza atacaq, mənim də rekordlarımı qıracaq. Əsas odur ki, o həvəsdən düşməli deyil. Üstündə işləməlidir. Bu çempionatla kifayətlənmək lazım deyil. O 2 ildən sonra bu qələbəni təkrarlamalıdır.Çünki hamı biləcək bu çəkidə Amindir və ona görə hazırlaşacaq.

Amin bu çempionatda 5 ağır döyüş keçirib. Amin erməni idmançısına qalib gəldi. O layiqli qalib gələrək, üçrəngli bayrağımızı bir daha zirvələrdə dalğalandırdı. Bu qələbəni xalqımızı ruhlandırmaq üçün qazandıq.

Orada Aminə dedim ki, "16 il öncə İtaliyada WAKO-dan Avropa çempionu oldum. Yarımfinalda erməni idmançını nokauta salmışdım. Sən də onu burada udmalısan, 16 ildən sonra sən məşqçinin nəticəsini təkrarlamalısan. O sanki mənim taleyimi yaşadı. Şükürlər olsun ki, o istədiyimizi əldə etdi.

İdmançılarımıza İtaliyada keçirilən yarışa qatılmaq üçün dəstək olan Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Adil Əliyevə və Azərbaycan Kikboksinq Federasiyasının Vitse-Prezidenti Güloğlan Cabbarova dərin təşəkkürümü bildirirəm.

Adil Əliyev bizi yarışa yola salanda ən kiçik idmançımız Aminin çiyinin üzərinə əlinə qoyub bütün idmançılara öz xeyr-duasını verdi. O nitqini söyləyərkən əlini Aminin üzərindən çəkməmişdi. Bu da Amin üçün stimul idi. Federasiyamızın rəhbəri hər bir idmançıdan nəticə gözləyirdi. Buna görə də hər zaman öz diqqətini göstərir.

Aygün İlqarqızı