18 Noyabr 2018
17 Noyabr 2018
Azərbaycana gələn turistlər 1 milyard manat XƏRCLƏYİBLƏR
İQTİSADİYYAT 23:21 / 15.10.2018
Cari ilin doqquz ayı ərzində xaricdən gələn qonaqlar Azərbaycanda ancaq bank kartları ilə 1 milyard manat səviyyəsində pul xərcləyiblər.

 Unikal.org xəbər verir ki, bunu Prezident İlham Əliyev oktyabrın 15-də Lənkərana səfəri çərçivəsində İstisu və Sağlamlıq Mərkəzinin təqdimatında çıxışı zamanı deyib.
"Bildiyiniz kimi, bütövlükdə turizmin inkişafı ölkəmizdə sürətlə gedir. Bu, prioritet məsələdir və son illər ərzində görülmüş tədbirlər nəticəsində ölkəmizə gələn qonaqların sayı kəskin şəkildə artmışdır. Gələn turistlərin sayı 2016-cı ildə 22 faiz, keçən il 20 faiz, bu ilin 9 ayında isə əlavə olaraq 6 faiz artıb. Doqquz ayda xaricdən gələn qonaqlar Azərbaycanda ancaq bank kartları ilə 1 milyard manat səviyyəsində pul xərcləyiblər. Ancaq bank kartları ilə xərclənən bu məbləğ ilin sonuna qədər daha da artacaq. Əlbəttə ki, onlar nağd pul da xərcləyirlər və bu, ölkə iqtisadiyyatına böyük dəstəkdir. Beləliklə, son illər ərzində turizmə göstərilən diqqət öz nəticəsini verir", - deyə dövlət başçısı bildirib.
O qeyd edib ki, turizmin inkişafını şərtləndirən bir çox amillər var və onların hamısı Azərbaycanda mövcuddur:
"İlk növbədə, nəqliyyat infrastrukturu - indi ölkəmizdə 6 beynəlxalq aeroport fəaliyyət göstərir. Onlardan biri Lənkəran aeroportudur ki, mənim təşəbbüsümlə hələ 10 il bundan əvvəl əsaslı şəkildə təmir olunub, demək olar ki, yenidən qurulub. İndi Lənkəran aeroportundan beynəlxalq reyslər təşkil edilir. İndi mənə məlumat verildi ki, həftədə 3-4 reys fəaliyyət göstərir. Bu, həm rayon sakinlərinin, həm cənub zonasında yaşayan vətəndaşların rahatlığını, həm də turistlərin gəlişini təmin edir".