Jurnalist Məmməd Həmidovun qohumu "Modern Hospital"da yalnış müalicə edildiyi üçün ayağı amputasiya edilib. 

Unikal.org-a müraciət edən şikayətçi bildirib ki, 18 avqust 2018-ci il tarixində "MODERN HOSPİTALın "Diabetik Ayaq Mərkəzinin təsisçisi və rəhbəri olan həkim Gülay Məmmədova ayaq xəstəsi olmuş pasienti 20.02.1952-ci il təvəllüdlü Vəliyev Ələsxan Salman oğlunu düzgün müalicə etməyib: 

"Şəki rayonun Baş Göynük kəndindən olan yaxınımı "Modern Hospital"da müalicə etdilər. Nəticədə xəstənin sağlamlıq vəziyyəti ağırlaşdı və təcili surətdə onu Mərkəzi Klinikaya yerləşdirdik. Müayinə zamanı Modern Hospitalda onun ayağının səhv müalicəsi nəticəsində vəziyyətinin ağırlaşdığı məlum oldu və dərhal ayağının amputasiya edilməsinə qərar verildi. Xəstənin ailə üzvləri dəfələrlə səhv müalicəyə görə və ayağın amputasiyası ilə nəticələnən faciəyə görə "Modern Hospital"ın rəhbərliyindən xahiş etdilər ki, Ə.S.Vəliyevin müalicəsi üçün Modern Hospitala ödədikləri 2000 (iki min manat) pul onlara qaytarılsın ki, çox borca düşməsinlər. Lakin xəstənin yaxınlarına nəinki pulu qaytarmaq, heç adi bir etika xatirinə cavab belə vermədilər. Xəstənin ailəsi Səhiyyə nazirindən kömək istəyir. Hospitalın direktoru Ravil Tağıyevə rəhbərlik etdiyi səhiyyə ocağında təcrübəsiz həkim Gülay Məmmədovanın səhv müalicəsi ilə bağlı müraciət edilib.Ayağı amputasiya edilən Ə.S.Vəliyevin vəziyyəti kritik olaraq qalmaqdadır. Xəstə hazırda yaşamaq uğrunda mübarizə aparır". 

Sözügedən məsələ ilə bağlı "Modern Hospital"dan Unikal.org-a məlumat verilib:

"18. 08.2018-ci il tarixində pasiyent 1952-ci il təvəllüdlü Şəki rayonunun Baş Göynük kənd sakini Vəliyev Ələsxan Salman oğlu xəstəliyinin irəliləmiş (ağır) mərhələsində klinikamıza müraciət edib. Həkim endokrinoloq Gülay Məmmədovadan müalicə almaq istəyən xəstəyə, həkimimiz tərəfindən baxılmış və diaqnozu ağır olaraq qoyulmuş xəstəyə vəziyyət ətraflı izah edilmişdir. Buna rəğmən xəstə vəziyyətdən xəbərdar olduğunu və dr. Gülay Məmmədovanın müalicə prosedurunu qəbul etmək istədiyini söyləmiş və öz razılığı ilə qəbul etmişdir. Bu xəstənin anamnezində də öz əksini tapır. Təbii ki, müalicə aldığı yeri seçmək xüsusunda hər bir pasiyent müstəqildir, biz buna qarışma hüququmuz yoxdur. Xəstə Vəliyev Ələsxan Salman oğlu bir müddət sonra başqa özəl klinikada tapdığı digər həkimdən müalicə almaq istədiyini söyləmiş, istəyi müqabilində isə müalicəni dayandıraraq seçmiş olduğu digər klinikaya üz tutmuşdur. Biz həkimimizin seçdiyi müalicə üsulunun doğruluğuna əminik, heç bir yalnış müalicədən söz gedə bilməz. Bu epiqrizlərdə, anamnezlərdə də öz əksini ətraflı şəkildə tapır".