18 Noyabr 2018
19 Noyabr 2018
İkiqat dünya çempionu: "Bu idman növü xanımları gözəlləşdirir"
MÜSAHİBƏ 17:48 / 17.10.2018
Taoli üzrə iki dəfə dünya çempionu, prezident mükafatçısı Tomris Həsənova Unikal.org-a müsahibə verib:

- Neçə yaşınızdan idmanla məşğul olmağa başlayıbsınız? Hansı nailiyyətləriniz var?

- 13 yaşdan idmanla məşğulam. İki dəfə dünya çempionu olmuşam. Belə ki, bir dəfə Tayçı Çuan və bir dəfə də Tayçı-Fan üzrə dünya çempionuyam. Bunlar uşu taonun istiqamətləridir – məktəbləridir. Bundan əlavə 2 dəfə Beynəlxalq festivalın qalibi və mükafatçısı da olmuşam. Artıq 3 ildir ki, işimlə əlaqədar olaraq idmanla məşğul ola bilmirəm.

- Bəs şəxsi tələbələr yetişdirmək fikriniz olmayıb?

- Belə bir fikrim var idi. Amma kiməsə öyrətmək üçün müəllim də yüksək formada olsun. Məşqlərə davam edə bilsəydimm yəqin ki, müəllimlik edə bilərdim.

- Bu növlə məşğul olmaq həvəsi necə yarandı?

- Elə ilk olaraq məşqlərə uşu - tao ilə başlamışam. Uşu tao- ya qeyri-rəsmi adı ilə uşunun gimnastikası da deyirlər. Ona görə, düşünürəm xanımlar üçün bu növ daha uyğundur. Tao üzrə yarışlarda kişilər arasında daha çox iştirakçılar olur. Mütləq proqram üzrə taonun 12, ənənəvi növlər də isə 30-a qədər növü üzrə yarışlar keçirilir. Bunların arasında böyük fiziki güc , çox çətin akrobatik hərəkətlər olan növləri də var.

- İdmana gəlmək öz seçiminizdir ya atanız Azər Həsənsoyun da təkidi və ya təsiri olub?

- Ümumiyyətlə idmana böyük marağım var idi. Atam təkid və təsir etməyib. O sadəcə bu yolda istiqamət verib.

- Yenidən yarışlara qatılmaq istəyərsiniz?

-Təbii ki istərdim .Çünki mötəbər yarışda ölkəni təmsil etmək və fəxri kürsüyə qalxmaq, bayrağının dalğalandırılmasına səbəb olmaq böyük şərəfdir. 2010- cu ildə Çin Xalq Respublikasında keçirilən Dünya Çempionatında 45 minlik stadionda 86 ölkə arasında Azərbaycan bayrağını daşıdığım zaman xüsusi qürur hissi keçirmişəm. Düşünürəm bu hiss daim mənimlə olacaq.

- Bu gün təəssüf ki, Azərbaycanda sizin məşğul olduğunuz idman növündə xanımlarımız azdır. Sizcə bunun səbəbi nədir?

- Həm çətinliyi var, həm də çox zaman tələb edir. Taonu yüksək səviyyədə öyrənmək üçün böyük hövsələ və həvəs lazımdır. Təbii ki, taonun həm də müalicəvi effekti olduğu üçün hər kəs ilkin səviyyədə bu idmanla məşğul ola bilər. Hətta mən deyərdim məşğul olması vacibdir.

- "Bir xanımın idmanla məşğul olması" mövzusuyla bağlı nə deyə bilərsiniz?

- Təkçə xanımlar deyil, hər kəs üçün uşu ilə məşğul olmaq həm də sağlamlığının, psixoloji sabitliyinin qorunması üçün faydalıdır.

- İdman xanımın gözəlliyində qüsür yaradar fikri də bəzi xanımlarımızı narahat edir. Bəs sizcə idman xanıma nə üçün lazımdır?

-Hər kəs idmanla məşğul olmalıdır. Amma xanımlar üçün gimnastika , uşu-tao ilə məşğul olmağın daha uyğun olduğunu düşünürəm. Bu zaman nəinki qüsur yaranar hətta əksinə daha gözəl görünüşlü olarlar.

- Azər Həsənsoy Azərbaycan idman tarixində iz qoyan və hələ də gördüyü işlərlə öz adından söz etdirən biridir. Bəs Azər Həsənsoyun qızı olmaq sizin idman karyeraniza necə təsir edib?

- Mən deyərdim ki Azər Həsənsoyun tələbəsi kimi yarışlarda çıxış etmək daha böyük məsuliyyətdir və idman karyerama onun müəllimim kimi təsiri olub. Yarışlarda kim və kimin qızı olmanızın heç bir rolu olmur. Karyerama əsasən ölkəmizin və Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyevin idmana və idmançılara qayğısının təsiri olub. Çünki cənab Prezidentin yaratdığı şəraitin nəticəsidir ki, biz idmançılar da yüksək nəticələr göstərə bilirik.

Aygün İlqarqızı