15 Noyabr 2018
14 Noyabr 2018
Nizami rayonunda Müstəqillik Günü qeyd edildi - FOTOLAR
CƏMİYYƏT 09:47 / 19.10.2018
18 oktyabr Dövlət Müstəqilliyi Günü münasibətilə Nizami Rayon İcra Hakimiyyəti, YAP Nizami rayon təşkilatı və Nizami Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 229 saylı tam orta məktəbdə "Müstəqillik Azərbaycan xalqının ən böyük sərvətidir” mövzusunda tədbir keçirilib.

Unikal.org xəbər verir ki, Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsindən sonra çıxış edən 229 saylı tam orta məktəbin direktoru Fəridə Bağırova qeyd edib ki, 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsi ilə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu. F.Bağırova bildirib ki, Azərbaycan Respublikası artıq 27 ildir əsarət altında olmayan, müstəqil, istiqlal qazanmış ölkədir. Ölkəmiz bu istiqlaliyyətə Xalq Cümhuriyyətinin süqutundan 71 il sonra yenidən qovuşub.

Tədbirdə çıxış edən Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova vurğulayıb ki, müstəqil yaşamaq, taleyinin sahibi olmaq, öz dövlətini qurmaq hər bir xalqın arzusudur. Azərbaycan xalqı da həmişə bu istəklə yaşayıb. Tarixdə zaman-zaman müxtəlif adlar altında müstəqil Azərbaycan dövlətləri mövcud olub: "1993-cü ildə xalqımızın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıtmış ümummilli lider Heydər Əliyevin təkrarolunmaz fəaliyyəti nəticəsində ölkəmizin müstəqilliyi dönməzlik və əbədilik qazanıb. Məhz ulu öndər Heydər Əliyevin sayəsində ölkəmizdə yaranmış dərin böhranlı vəziyyət, vətəndaş qarşıdurması aradan qaldırılıb, fəlakət astanasında olan yenicə qazanılmış müstəqilliyimiz itirilmək təhlükəsindən xilas edilib”.

YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva çıxışında ümummilli lider Heydər Əliyevin "Müstəqillik Azərbaycan xalqının ən böyük sərvətidir” kəlamını xatırladıb. Qeyd edib ki, ulu öndər Heydər Əliyevin ”Müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan daha çətindir” kəlamının həyatda öz əksini tapmasına şahidlik edən Azərbaycan xalqı bu gün öz liderini şükranlıqla xatırlayır və onun xatirəsini heç vaxt unutmur və unutmayacaq.

Nizami Rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev və başqaları diqqətə çatdırıblar ki, bizim xoşbəxtliyimiz ondadır ki, müstəqil, azad dövlətdə Azərbaycan Respublikasının vətəndaşı kimi yaşayırıq və biz bunu qiymətləndirməliyik, müstəqilliyi hər şeydən üstün tutmalıyıq.

Tədbir ədəbi-bədii kompozisiya ilə davam etdirilib, məktəb xorunun ifasında vətənpərvərlik mövzusunda mahnılar ifa olunub.