UEFA bu il ilk dəfə təşkil etdiyi Millətlər Liqasında paylanması nəzərdə tutulan pul mükafatlarının məbləğini artırıb.

Unikal.org xəbər verir ki, mübarizəyə qatılan 55 komanda avtomatik olaraq iştirak pullarını alacaq.

Yeni iştirak mükafatlarına əsasən, A Liqası komandalarına veriləcək 1,5 milyon avro 2 milyon 250 min avroya, B liqası komandalarına veriləcək 1 milyon avro 1 milyon 500 min avroya, C Liqası komandalarına 750 min avro 1 milyon 125 min avroya, D Liqası komandalarına veriləcək 500 min avro 750 min avroya yüksəldilib.

Həmçinin, UEFA mükafat pullarını da artırıb. Yəni A Liqası birincilərinə 2 milyon 250 min avro, B Liqası birincilərinə 1,5 milyon avro, C Liqası birincilərinə 1 milyon 125 min avro, D Liqası birincilərinə isə 750 min avro veriləcək.

Bundan əlavə, 2019-cu ilin iyun ayında A Liqasındakı 4 qrupun birincilərinin iştirak edəcəyi final qarşılaşmasında birinciliyi əldə edən komandaya 6 milyon avro, ikinci yeri tutan komandaya 4,5 milyon avro, üçüncü yerdəki komandaya 3,5 milyon avro, dördüncü yerin sahibi olan komandaya isə 2,5 milyon avro mükafat veriləcək.