Türkiyənin Kayseri vilayətində Xocalı Şəhidlər abidəsinin açılışı olub.

Unikal.org xəbər verir ki, tədbirdə Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov, Azərbaycanın Türkiyədə fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim, Azərbaycan və Rusya millətvəkilləri, Kayseri Vali köməkçisi Nail Anlar,ERCİYES Universitetin rektoru Mustafa Çalış və digər rəsmi şəxslər iştirak ediblər. Qonaqlar əvvəlcə abidə önünə qırmızı qərənfil düzüblər.

Açılış mərasimində Əli Həsənov çıxış edib. Prezident köməkçisi Xocalı soyqrımı haqqında tədbir iştirakçılarına məlumat verib və bildirib ki, Xocalı soyqırımı müasir dünyada qəddarlığın, amansızlığın və cəzasızlığın bir nümunəsidir: "Xocalı faciəsi onu göstərdi ki, XX əsrin sonunda erməni cəlladları dinc azərbaycanlı əhaliyə qarşı planlı, məqsədyönlü şəkildə bu bəşəri cinayəti həyata keçiriblər. Allah böyük gardaş Türkiyəni var etsin. Belə bir faciəni kimsənin başına gətirməsin. Xocalıda insanları arxadan vurdular. Bu qanlı faciəni yenidən xatırladaraq sizləri çox üzmək istəmirəm. Amma, bu tarixə düşən ən qanlı faciədir. Xocalı qırğını soyqırım sözünün tam mənasıdır. Təəssüf ki, soyqrımı törədənlər bu gün Ermənistan dövlətinin rəhbərliyindədir. Biz erməni xalqına düşmənçilik etmək istəmirik. Qafqazda dost yaşamaq istəyirik. Xocalı soyqırımıyla Ermənilərin içindəki bu caniləri dünyaya nümayiş etdirmək istəyirik. Bu faciənin tanınması üçün 1993-cü ildə ümummilli lider Heydər Əliyev hakimiyyətə gələndən sonra dərhal BMT-nin Təhlükəsizlik Şurasına müraciət etdi, Xocalı soyqırımının mahiyyətini açıqladı və bütün dünya birliyini təcavüzkarlara qarşı tədbirlər görməyə çağırdı. 1994-cü ilin fevral ayında Azərbaycan Parlamenti bu faciəyə hüquqi-siyasi qiymətini verdi. 1998-ci ildə ümumilli lider Heydər Əliyev Xocalı soyqırımı ilə bağlı fərman imzaladı.
Sonrakı dövrlərdə də prezident İlham Əliyev və vitse-prezident Mehriban Əliyeva bu istiqamətdə işlər aparırlar. Xüsusilə də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən etibarən başlanan "Xocalıya ədalət" kampaniyası bütün dünyada böyük əks-səda doğurub. Bu kampaniya nəticəsində dünyanın 10-dan çox ölkəsinin parlamenti Xocalı faciəsinə soyqırım kimi qiymət verib, Amerika Birləşmiş Ştatlarının 22 ştatı Xocalı hadisəsini soyqırım kimi tanıyıb".

Daha sonra Türkiyənin ERCİYES Universitetində (ERU) Azərbaycan Təhsil, Mədəniyyət və Həmrəylik Dərnəyinin birgə təşkilatçılığı ilə "Müasir Dünyada Beynəlxalq Məsləhətləşmə mövzusunda konfrans keçirilib.

Tədbirdə çıxış edən prezident köməkçisi Əli Həsənov bildirib ki, təşkil edilən konfransın mövzusu çox yaxşıdır:

"Bugünkü konfransın mövzusu çox gözəl. Dünyaya sülh və rifah gətirən bir məsələni müzakirə edirik. Atatürkün dediyi kimi 'Yurdda sülh, dünyada sülh". Biz müxtəlif sivilizasiyaların nümayəndələri olan insanları qəbul edirik. Biz ölkəmizdə Azərbaycanlı olmayan hər kəsə də hörmətlə yanaşırıq. Dialoqun təməli buradan başlayır. Azərbaycan sülh siyasəti aparır. Hər bir dövlət digər dövlətlərin hüquqlarına hörmət göstərməlidir. Ortaq nöqtələr dialoqun əsaslarından biridir. Rusiya, Azərbaycan və Türkiyə bu gün bir platforma yaradıblar. Bu platforma ölkələrin dialoqlarını ortaya qoyur".

Əli Həsənov çıxışının sonunda bu gün, xüsusən Ermənistanın Azərbaycana qarşı təcavüzü, Xocalı soyqırımı barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması məsələsinə də toxunub:

"Bu gün Ermənistan Azərbaycan torpaqlarını işğal edib. Milyonlarla soydaşımız öz ata-baba torpaqlarından didərgin düşüblər. Ermənistan danışıqlardan yayınır. Dialoq istəyən hər bir dövlət başqa ölkənin ərazi bütövlüyünə hörmət göstərməlidir. Amma, ermənistan isə işğalçılıq siyasətini davam etdirir. Rusiya bizim müttəfiqimizdir. Mən bugünkü konfransı təşkil edənlərə təşəkkür edirəm. Azərbaycan dialoqu arzulayan bir ölkədir. Bu gün dünyada sülhün bərqərar olması üçün, siyasi dialoqun davamı, qarşılıqlı anlaşma əsasında hər kəsin sərhədlərə hörmət edərək tam dostluq anlayışı içərisində hərəkət etməsi istiqamətində inkişaf etdirilməsi lazımdır. Azərbaycan prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu yöndə daima iş aparırlar. Biz ölkələr arasında bu cür toplantıları mütəmadi olaraq keçirməliyik".