Artıq bir neçə gündür ki, sosial şəbəkələrdə valideynlər aşağı siniflərdə uşaqların başına bit düşdüyündən, bunun yayılmasından, müəllimlərin də çarəsiz qalmasından bəhs edən şikayətlər yazır.

Unikal.org medicina.az-a istinadən bildirir ki,son illərdə bit epidemiyası barədə məlumatlar olmasa da, görünür bu mövsüm aktuallaşıb. Tibbi adı Pedikulyoz olan bu problem daha çox azyaşlı uşaq və məktəbliləri əhatə edir. Yayılması çox asandır, sinifdə 1-2 nəfərdə varsa, bütün sinfi, hətta müəllimləri də cənginə alır.

Yəqin çoxları xatırlayır, sovet dövründə məktəblərdə tibb bacısı və ya həkim həftədə bir dəfə sinifləri gəzərək, uşaqların saçını yoxlayır, bit və ya yumurtası tapılan uşağın validyenini çağırır, dərman yazır və təmizləmək üçün məsləhətlər verir, sinfi xəbərdar edirdi.

Pedikulyoz nədir?

Onun simptomatikası aydındır, heç bir xəstəliklə qarışdırmaq olmur, ilk əlaməti saç dibi və uclarında ağ yumurtaların, sürvələrin olmasıdır. İlk baxışdan kəpəyə oxşayır, amma daha sərtdir. Saçlarda az sayda bitləri görmək çətindir, onlar çox hərəkətlidir və gizlənir. Sürvələr isə ( el arasında sirkə deyilir) yuyulanda getmir, saça yapışır, darananda tökülmür.

Biti olan uşaq qaşınır, baş dərisində bitlərin dişləməsindən sonra kiçik yara və qan qurumuşları qalır.
Xəstəlik özünü yoluxmadan 1 həftə sonra göstərməyə başlayır. Çox zaman pedikulyoz digər insanın başına birbaşa bitin yox, elə yumurtalarının düşməsi ilə keçir.

Uşaqlarda bit aşkar etdikdə nə etməli?

Paniakaya həm gərək var, həm də yox. İlk öncə bu barədə bağça və ya sinifdə valideynlər və müəllimlərlə danışıb, tibb bacısı tərəfindən bütün sinif uşaqlarının yoxlanmasını təşkil etmək, valideynlərə xəbərdarlıq etmək və məktəb tərəfindən məktəbin, otaqların xüsusi məhlullarla sanittar-gigiyenik işlənməsini tələb etmək lazımdır.

Hazırda ev şəraitində qısa müddətə bitləri təmizləmək, yəni pedikulyozu müalicə etmək üçün müasir preparatlar və üsullar var.

Aptek vasitələrindən məhz bitlərə öldürücü təsir edən Benzilbenzonat, Parazidoz, Permetrin, Paraplyus, Pedilin kimi vasitələri istifadə etmək olar. Bunlar məhlul, sprey, şampun, krem şəklində olur.

Çəkdikdən sonra narın dişli daraqlarla saçlar dəsmal və ya mələfə üzərinə daranır. 1 həftə sonra təkrar yoxlayıb, lazım gəlsə yenidən istifadə olunur.

Dərmansız müalicə mümkündürmü?

El arasında yayılmış başa neft, benzin, kerosin çəkilib, bağlanması ilə bit-birənin öldürülməsi metodu uşaq üçün olduqca riskli, təhlükəlidir. Bu kimi yandırıcı məhlullar uşağın baş dərisinin epitelini pozub zədələyə, zəhərli toksinlər başda olan cızıqdan, yaradan daxilə keçə bilər, üstəlik uşaq əllərini başına vurub gözlərinə vura bilər. Benzin, ağ neft isə baş dərisini yandıra bilər.

Ən radikal metod uşağın başının dibindən qırxılmasıdır. Eyni zamanda uşağın yataq vasitələri, geyimləri qaynar suda yuyulub, dezinfeksiya olunmalıdır.
Son zamanlar yeni batareyalı daraqlar satılır ki, onunla darayanda bitləri öldürdüyü deyilir.

Ən yaxşısı bit əleyhinə sprey və şampun alıb, spreyi çəkdikdən sonra xüsusi daraq və ya sıx narın dişli daraqla sacların az-az hissələrə ayrılıb, 3-5 dəfə daranmasıdır.

Necə qorunmalı?

-¢Uşaqlar bir-biri ilə kontaktda olarkən çox sıx fiziki təmas olmamalıdır. Yəni uşağa başa salmaq lazımdır ki, əllərini başqasının başına, dərisinə, saçına toxundurmaq olmaz. Məktəbdə hər gün əllər yuyulmalıdır.

-¢Uşaqlar məktəbdə bir-birinin saçına diqqətlə baxıb, nəsə görsə dərhal valideynə və müəllimə bildirməlidir. Uşaq başını qaşıyırsa, valideyn dərhal ətraflı baxış keçirməlidir.

-¢Uşaqların saçı həftədə 2 dəfə təmiz yuyulmalı, geyimləri, yataq agları qaynadılmalıdır.

Mövzu ilə apardığımız sorğuda məlum oldu ki, məktəblərdə tibb məntəqəsində həkimlərin uşaqların başını yoxlaması, bit olub-olmaması ilə maraqlanması demək olar ki, həyata keçirilmir.