Nizami Rayon İcra Hakimiyyətində 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına, qarşıda duran vəzifələrə və 2017/2018-ci tədris ilinin nəticələrinə həsr olunmuş hesabat yığıncağı keçirilib.

Unikal.org xəbər verir ki, yığıncaqda Milli Məclisin deputatları Sədaqət Vəliyeva və Rasim Musabəyov iştirak ediblər.

Yığıncağı Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov açaraq, oktyabrın 9-da prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat iclasında dövlət başçısının bu ilin uğurlu il olduğunu, ilin əvvəlindən qarşıya qoyulan bütün vəzifələrin uğurla və vaxtında icra edildiyini, Azərbaycanın 2018-ci ildə də öz dinamik inkişafını təmin etdiyini və ölkəmizin əmin-amanlıq, sabitlik, təhlükəsizlik şəraitində yaşadığını vurğuladığını bildirib.

Sonra İcra Hakimiyyəti başçısının müavini İldırım Mehdiyev 2018-ci ilin doqquz ayında Nizami rayonunun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr haqqında hesabatla çıxış edib.

İ.Mehdiyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 07 mart 2018-ci il tarixində Bakı Şəhər Statistika İdarəsinin yeni inzibati binasının, 27 mart 2018-ci il tarixində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ilə B.Çobanzadə küçəsi və M.Abbasov küçələrinin kəsişdiyi ərazidə tikilmiş Bona Dea Beynəlxalq Hospitalının açılışında iştirak etdiyini, 12 sentyabr 2018-ci il tarixində isə Keşlə qəsəbəsindəki 227 saylı tam orta məktəbdə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olduğunu bildirib.

İ.Mehdiyev 2018-ci ilin doqquz ayında rayonda fəaliyyət göstərən müəssisələr tərəfindən 374723.8 min manat dəyərində sənaye məhsulu istehsal edildiyini, bunun da ötən ilin müvafiq dövrünə nisbətən 13 faiz çox olduğunu, maliyyə mənbələri hesabına 20620.3 min manat həcmində əsas fondların istifadəyə verildiyini, əsas kapitala 322902,1 min manat həcmində investisiya yönəldildiyini, bunun da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3.0 dəfə çox olduğunu, öz gücləri ilə yerinə yetirilən podrat işlərinin həcminin 187,9 milyon manat olduğunu, bunun da ötən ilin müvafiq dövrünə nisbətən 70,4 faiz çox olduğunu, 207,3 milyon manatlıq tikinti-quraşdırma işlərinin yerinə yetirildiyini, pərakəndə ticarət dövriyyəsinin həcminin 1515,1 milyon manat, əhaliyə göstərilən pullu xidmətlərin həcminin isə 249,1 milyon manat təşkil etdiyini, rabitə sahəsində 287344,5 min manat dəyərində (ötən ilin müvafiq dövrünə nisbətən 4,6 faiz çox), nəqliyyat sahəsində isə 77085,7 min manat dəyərində xidmətlər göstərildiyini diqqətə çatdırıb. Eyni zamanda, hesabat dövründə rayonda hamısı daimi olmaqla 3242 yeni iş yeri açıldığını, cari ilin yanvar-avqust aylarında rayon üzrə orta aylıq əmək haqqının 650,2 manat təşkil etdiyini, ünvanlı sosial yardım alan ailələrin sayının 508 nəfər, hər bir ailə üzrə orta aylıq məbləğin 150 manat təşkil etdiyini qeyd edib. Həmçinin, 2018-ci ilin yanvar-sentyabr aylarında Nizami Rayon Məşğulluq Mərkəzində işaxtaran kimi 2548 nəfərin qeydiyyata götürüldüyünü və mərkəzə müraciət edənlərdən 985 nəfərin münasib işlə təmin edildiyini nəzərə çatdırıb.
Bundan əlavə, İ.Mehdiyev ictimai-siyasi və humanitar, xidmət və təsərrüfat sahələri, asayişin qorunması üzrə görülən işlər barədə ətraflı məlumat verib.