BMT burka qadağasına görə Fransanı insan haqlarını pozmaqda ittiham edir. BMT-nin Cenevrədə yerləşən İnsan Haqları Komitəsi bu gün bəyan edib ki, ölkədə təhlükəsizlik və dinc birgəyaşayışın təmin olunması üçün burkanın qadağasının vacibliyinə dair Fransa hökumətinin məlumatları inandırıcı deyil.

Unikal.org teleqraf-a istinadən bildirir ki,komitə bu ittihamlara münasibət bildirmək üçün Fransaya 180 gün müddət verib. Müstəqil ekspertlərdən təşkil olunan komitənin tövsiyələri hüquqi icbarilik statusu daşımasa da, Fransa ayrıca bir sazişlə komitənin tövsiyələrinə riayət edəcəyinə dair öhdəlik götürüb.

Komitə 2012-ci ildə burkaya görə məhkəmə tərəfindən cəzalandırılan iki qadının şikayəti əsasında Fransadakı qanunu araşdırıb və belə nəticəyə gəlib ki, bu qanun insanların öz dini etiqadlarını ifadə etmək azadlığını pozur və qadağa nəticəsində insanların ictimaiyyətdən təcrid olunmasına yol açır.

Qeyd edək ki, Fransa burka qadağası haqqında qanunu 2010-cu ildə qəbul edib. Fransanın ardınca Avstriya və Danimarka da oxşar qanunlar qəbul edib.