Bu gün Azərbaycan Dillər Universitetində (ADU) Fəlsəfə və ictimai elmlər kafedrasının və Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasınıntəşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində "AXC-nin sosial-siyasi və mədəni həyatı mövzusunda dəyirmi masa keçirilib.

Unikal.org xəbər verir ki, açılış nitqi ilə çıxış edən Fəlsəfə və İctimai elmlər kafedrasının müdiri dosent Ədalət Abdıyeva bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti mövcud olduğu qısa müddətdə iqtisadi, ictimai-siyasi və sosial həyatın müxtəlif sahələrinə aid bir çox islahatlar həyata keçirib, müstəqil Azərbaycan dövlətinin möhkəmlənməsi üçün misilsiz işlər görüb.

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının aparıcı elmi işçisi, akademik Möhsün Nağısoylu qeyd edib ki, cümhuriyyət qurucularının sosial-iqtisadi baxışlarında elə bir demokratik cəmiyyətin qurulması nəzərdə tutulurdu ki, orada vətəndaşlar arasında siyasi bərabərliyin bərqərar edilməsi ilə yanaşı, sosial ədalətsizlik də aradan götürülsün.

Sonra Fəlsəfə və ictimai elmlər kafedrasının müəllimi Tural Cəfərov, Qafqazşünaslıq kafedrasının dosenti Şəlalə Bağırova, Fəlsəfə və ictimai elmlər kafedrasının baş müəllimi Günel Qarayeva Cümhuriyyətin ictimai-siyasi həyatın digər sahələrində olduğu kimi, müstəqil milli iqtisadiyyat quruculuğu və sosial sahədə də mühüm tədbirlər həyata keçirdiyini vurğulayıblar.

Tədbir tələbələrin mövzuyla bağlı suallarının cavablandırılması ilə yekunlaşıb.