15 Noyabr 2018
Dövlət Bayrağımız qürur mənbəyimizdir - FOTO
CƏMİYYƏT 20:39 / 08.11.2018
Dövlət Bayrağımız qürur mənbəyimizdir - FOTO

Dövlət Miqrasiya Xidmətində 9 noyabr - Dövlət Bayrağı gününə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə Dövlət himni səsləndirilib. Daha sonra Dövlət Bayrağına həsr olunan video çarx nümayiş etdirilib.

Unikal.org xəbər verir ki, təbdirdə çıxış edən Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov ölkə Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı sərəncamla hər il noyabrın 9-nun "Dövlət Bayrağı Günü” kimi qeyd edilməsini ölkəmizdə dövlət rəmzlərinə hörmət və ehtiramın göstəricisi olduğunu söyləyib. Bildirib ki,dərin köklərə malik dövlətçilik ənənələrimizin, əbədi müstəqilliyimizin, mühüm nailiyyətlərimizin təcəssümü olan bayraq gününün ölkəmizin hər bir güşəsində möhtəşəm bayram kimi qeyd edilməsi fərəhli haldır. Xidmət rəisi vurğulayıb ki, bayrağımızı uca tutmaq, vüqarla dalğalandırmaq hər birimizin şərəf borcudur. Ona görə də bu gün dövlət bayrağına məhəbbət və vətəndaş sevgisi hər bir azərbaycanlının Vətən qayğısına, millət duyğusuna çevrilib.
Tədbirdə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin dosenti, tarixçi alim Kərəm Məmmədov bayrağımızın yaranma tarixindən, keçdiyi şərəfli və keşməkeşli yollarından bəhs edib. Natiq qədim dövrlərdən başlayaraq bu günümüzədək mövcud olmuş bayraqları nümayiş etdirərək, onlar haqqında geniş məlumat verib. Bildirib ki, tariximizin ən dəyərli eksponatı olan qədim bayraqlar bizə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin tarixini öyrənməyə, araşdırmağa geniş imkanlar açır.
Tədbirin sonunda tarixçi alim Dövlət Miqrasiya Xidmətinin əməkdaşılarının suallarını cavablandırıb.